YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionların inkişafı daim diqqət mərkəzindədir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Son illər ərzində respublikamızın bütün bölgələrində quruculuq-abadlıq işləri geniş vüsət alıb. Prezident İlham Əliyev rayonların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Prezident bölgələrə müntəzəm səfərlər edərək, bölgələrdəki vəziyyətlə tanış olur, əhalinin qayğıları, onları narahat edən məsələlərin həlli ilə bağlı əlavə göstərişlərini verir. Dövlət başçımızın rayonlara hər bir səfəri əhəmiyyətli hadisə kimi yadda qalır. Hər səfər çərçivəsində mühüm sosial obyektlərin açılışları və təməlqoyma mərasimləri keçirilir ki, bu da yeni iş yerlərinin yaradılması deməkdir.

Növbəti belə səfərlər çərçivəsində Prezident İlham Əliyev avqustun 12-də Ağsu, İsmayıllı rayonlarında görülmüş işlərlə tanış oldu. Son illər ərzində Ağsu və İsmayıllı rayonlarında qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı böyük infrastruktur layihələri icra edilib, bu layihələrin əsas hissəsi başa çatıb. Ağsu və İsmayıllı rayonlarında 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektrik təchizatı tam təmin edilib. Hazırda yolların çəkilişi ilə bağlı həm kənd yollarında, həm də İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsu və İsmayıllı rayonlarında sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə 160 çarpayılıq xəstəxana, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Yeni iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bütün bunlar onu deməyə əsas verir ki, bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Dövlət başçımız Ağsu, İsmayıllı rayonlarına səfəri çərçivəsində “Diri Baba” türbəsində gedən işlərlə də tanış oldu. Yaşı 500 ildən çox olan “Diri Baba” türbəsi öz nadirliyi ilə seçilir və əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində görülən işlərlə də tanış olub. Basqal özünəməxsus tarixə malik olan ölkəmizin qədim kəndlərindən biridir. Şübhəsiz ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq, istər Azərbaycan vətəndaşları, istərsə də ölkəmizdə olan qonaqların diqqətini cəlb edəcəkdir. Səfər çərçivəsində Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək və yüzlərlə iş yerinin açılmasına şərait yaradacaqdır. Əhalinin sayının artması iş yerlərinə tələbatı artırır və özəl sektor üçün yaradılmış şərait də yeni iş yerlərinin açılmasına kömək edir. Əlbəttə ki, həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcəkdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verməkdədir.

İsmayıllı rayonunun Basqal qəsəbəsində Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində mühüm məqamlara toxunub, Ermənistan və onun havadarlarına sərt xəbərdarlıqlar edib. Dövlət başçısı Ermənistana xəbərdarlıq edərək bildirdi ki, onlar yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Biz üzərimizə götürdüyümüz bütün öhdəliklərə sadiqik, Ermənistan isə, yenə də fitnəkarlıqla məşğuldur. Ermənistan qəbul etməlidir ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Prezidentimizin toxunduğu vacib məqamlardan biri də “Qisas” əməliyyatı ilə bağlı idi. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı Ermənistana qarşı cəza tədbiri idi. Əgər düşmən yenə də buna oxşar təxribat törədərsə, cavab daha ağır olacaqdır. “Qisas” əməliyyatı bir daha sübut etdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktına görə, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir və biz buna nail olacağıq. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayət və Cenevrə konversiyalarının qaydalarına ziddir. Qarabağda yaşayan ermənilər də düzgün addım ataraq başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Nə qədər bunu tez dərk etsələr, o qədər də yaxşı olar. Qarabağda yaşayan ermənilər açıq-aydın görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil və onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağda yaşayan ermənilərin statusu, müstəqilliyi, hansısa xüsusi imtiyazı olmayacaqdır.