Xəbərlər
Vətən müharibəsi şəhidlərinin xatirələri yad edilib
Tərtərdə Vətən müharibəsi şəhidləri Qasımov Azər Yaqub oğlunun və Hacızadə Ceyhun İfrail oğlunun əziz xatirələri anılıb.
Rayonun Yenikənd kəndində şəhid Azər Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilən bulaq kompleksinin açılışı olub.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bulaq kompleksinin üzərinə gül-çiçək dəstələri düzülüb.
Tədbirdə məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Çıxış edənlər şəhid Azər Qasımovun şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərdən söz açıblar.
Rayonun Evoğlu kəndində isə şəhid Ceyhun Hacızadənin doğum günü qeyd olunub.
YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahib Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına şəhid Azər Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, şəhid Ceyhun Hacızadə isə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.