YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cavabımız eyni olacaq

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağsu və İsmayıllı rayonlarına səfər edib. Səfər zamanı Prezident müxtəlif tədbirlərdə, həmçinin sosial, iqtisadi və mədəni obyektlərin açılışında iştirak edib, bərpa-tikinti işlərinin gedişi ilə yerində tanış olub. Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə verən Prezident İlham Əliyev Ağsu və İsmayıllı rayonlarında aparılan işlərdən bəhs edib, eyni zamanda ölkə miqyaslı məsələlər barədə fikirlərini bildirib, həmçinin regionların inkişafı, ərzaq təhlükəsizliyi, erməni işğalından azad edilən torpaqlarda kənd təsərrüfatı sahəsində görülən işlər haqqında danışmaqla yanaşı, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda baş verən qarşıdurma ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu hadisədən dərhal sonra “Qisas” əməliyyatı keçirilərək, təxribat zamanı şəhid olan əsgərimizin qanının alındığını və qarşı tərəfin ciddi cəzalandırıldığını bildirib.

Bu gün bütün bölgələrimizdə quruculuq-abadlıq işləri, sosial-iqtisadi və mədəni layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin bölgələrimizə müntəzəm səfərləri həmin aparılan işlərin birbaşa onun nəzarətində və diqqət mərkəzində olmasından xəbər verir. Prezident söyləyib: “Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı erməni qanunsuz silahlı quldur birləşmələrinin son günlər Laçın rayonunda törətdiyi təxribatlara qarşı keçirilən “Qisas” əməliyyatının qısamüddətli, amma çox təsirli cəza tədbiri olduğunu bildirib. Prezident “Qisas” əməliyyatından sonra Ermənistanın yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxardığını qeyd edərək, erməni tərəfinə bir daha xəbərdarlıq etdi ki, yenidən oxşar təxribatlar olacağı halda, cavabımız da eyni olacaqdır.

Prezident İlham Əliyev müsahibənin sonunda Vətən müharibəsindən ötən təxminən iki il ərzində düşməndən təmizlənən ərazilərdə genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələrinin uğurla həyata keçirildiyini qeyd edib. Bununla yanaşı, şüurlarda da ciddi dəyişikliklər baş verdiyini və bütün bunların isə düzgün siyasət nəticəsində gerçəkləşdirildiyini xatırladıb: “Bax belə, vəziyyət bundan ibarətdir və deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər. Ona görə mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

DİGƏR Xəbərlər Arxiv