YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan daim irəliyə baxır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

İki ilə yaxındır ki, Azərbaycan tarixi Zəfərimizin reallıqlarının qəbulu istiqamətində səylər göstərir və uğurlu nəticə göz önündədir. Dünya gücləri yeni reallıqları qəbul etməklə yanaşı, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəklərini göstərməyə hazır olduqlarını bildirirlər. Amma ötən iki ilə yaxın dövrün bir reallığı da budur ki, Ermənistan ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanmasına hələ də seyrçi mövqedən yanaşır, vaxt uzatmaq istəyini açıq şəkildə nümayiş etdirir. Dövlətimiz ilk gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi masa üzərində uzun müddət qalmayacaq. Təbii ki, bu, Ermənistana yaradılan son şansdan səmərəli istifadə etmək çağırışı idi. Ermənistan nə edir?

Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha diqqəti Ermənistanın ölkəmizə qarşı ərazi iddiasından əl çəkməməsinə, vaxt uzatmaq üçün törətdiyi təxribatlara yönəldərək bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.

Reallıq budur ki, İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Azərbaycan dövlətinin qətiyyəti sayəsində rəşadətli Ordumuz 44 gündə Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. 44 gündə Ermənistanı diz çökdürən, kapitulyasiya aktını imzalamağa məcbur edən şanlı Ordumuz dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə taktikası, dastana çevrilən Şuşa əməliyyatı öyrənilir. 44 günlük Vətən müharibəsi “məğlubedilməz erməni ordusu” mifini dağıtdı. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin hərbi texnikasını məhv etdi, həmçinin qənimət kimi götürdü. 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradı, həmçinin açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkı erməni ordusunun qənimət kimi götürülmüş hərbi texnikasının dünyaya təqdimatıdır. Bir daha sübut olundu ki, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan ordusudur. Dövlət başçısı İlham Əliyev müsahibəsində bir daha bildirdi ki, dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.

“Qisas” əməliyyatı Ermənistana bundan sonrakı addımlarına diqqət yetirməyə, yaradılan son şansdan bəhrələnməyə çağırışdır. Qısa əməliyyat gücümüzü, qüdrətimizi bir daha nümayiş etdirdi. Azərbaycan götürdüyü bütün öhdəliklərə sadiqdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirməyə, bölgədə dayanıqlı sülhə nail olmağa səylər göstərir.  İki ilə yaxın dövrdə Azərbaycan dövlətinin əsas tələblərindən biri budur ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir və 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib. Müzəffər Ali Baş Komandan bildirir ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

Ermənistan keçmişlə yaşasa da, Azərbaycan daim irəliyə baxır. Təbii ki, erməni vəhşiliklərini, başımıza gətirdikləri faciələri heç zaman unutmayacağıq. Torpaqlarımız Vətən oğullarının qanı, canı bahasına işğaldan azad edildi. Təbii ki, dünya gücləri zamanında Ermənistana sanksiyalar tətbiq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur etsəydilər 44 günlük Vətən müharibəsi yaşanmazdı. Şəhidlərimizin qanı döyüş meydanında alındı. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.  Azərbaycan bu yaşananların fonunda yenə də işğalçı Ermənistana təkmil sülh modelini təklif edir. Ermənistan ona verilən şansdan istifadə etmir, əksinə hərbi təxribatlara əl atır.

Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir. Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ tarixi və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın tərkib hissəsidir.