YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər reallıqda öz əksini tapır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Rəqabət qabiliyyətli qeyri-neft sektorunun,onun əsas istiqamətlərindən olan  aqrar sahənin inkişafı bu gün də öz aktuallığını qoruyur. Biznes mühitinin yaxşılaşdırılması təmin edilir, sahibkarlara dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır. Hər zaman Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, güclü iqtisadiyyat yaradaraq sosial məsələlərin həlli istiqamətində mühüm addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Bu gün böyük inamla və qürur hissi ilə qeyd edirik ki, bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür, təsdiqlənən Dövlət proqramları əsasında regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfəri, ictimaiyyət nümayəndələri ilə görüşləri hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfəri diqqət çəkəndir. Səfər çərçivəsində bir sıra sosial obyektlərin açılış mərasimində iştirak edildi, bir qismində isə görülən işlərlə tanış oldular. Dövlət başçısı İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bölgələrimizin inkişafı istiqamətində atılan addımlardan, infrastruktur layihələrinin uğurlu icrasından, dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycanın idxaldan asılılığı azaltmaq üçün həyata keçirdiyi strategiyadan, bir sözlə, ölkəmizin 100 faiz əsas ərzaq məhsulları ilə özünü təmin etməsi üçün yürüdülən dövlət siyasətinin uğurlarından geniş bəhs edərək bildirdi ki, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq.

Taxıl qıtlığı və bahalığı şəraitində Azərbaycanın atdığı qabaqlayıcı tədbirlər davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev müsahibədə bir məqamı da xüsusi qeyd etdi ki, artıq işğaldan azad edilmiş torpaqlarda əkin-biçin işləri aparılıb. Tarixi Zəfərimizdən sonra əsas hədəflərdən biri bu ərazilərin minalardan təmizlənməsidir. Bu proseslə yanaşı, həmin torpaqlarda əkin işləri həyata keçirilir. 50 min hektarda taxıl əkilib və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Məhsuldarlığın aşağı olması təbiidir. Çünk Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarından hərbi təyinatla istifadəsi nəticəsində kənd təsərrüfatına, maldarlığa, bitkiçiliyə böyük ziyan vurulub, torpaqlarımız istifadəsiz, susuz qalıb. Bu gün onların canlandırılması istiqamətində addımlar atılır. Dövlət başçısı bu əminliyi ifadə eedib ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri genişləndiriləcək. Azad edilmiş torpaqlarda taxılçılıq üçün bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə ən azı 100 min hektar dövriyyəyə buraxılmalıdır. Onu da nəzərə alaq ki, əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Post münaqişə dövrünün reallıqları fonunda qeyd etdiyimiz amilləri nəzərə alsaq azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili imkan verəcək ki, torpaqlarımıza qayıdan soydaşlarımız əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcək, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcə də artacaq. Bu ərazilərimizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün böyük perspektivlər vardır.

Bu gün özünüməşğulluq proqramı uğurla icra edilir. Bölgələrdə ailə təsərrüfatlarının inkişafına asan dəstəyi həyata keçirmək məqsədilə ABAD mərkəzləri yaradılır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərir. Müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət” ABAD və DOST mərkəzlərinin yaradılacağı inkar edilməzdir. Həmçinin aqrar sahədə inkişafı sürətləndirmək, ixrac yönümlü məhsulların sayının artırmaq və ölkənin ixrac potensialını gücləndirmək məqsədilə aqro parklar yaradılır. Bir sözlə, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün geniş imkanlar yaranır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edirdi ki, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq öz daxili istehsalımızı maksimum artırmalı, fövqəladə hallardan özümüzü qorumalıyıq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, idxaldan asılılıq maksimum dərəcədə azalmalıdır. Prezident İlham Əliyevin hər bir çağırışı, qarşıya qoyduğu hədəflər reallıqda öz əksini tapır.