YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan öz təsir imkanlarını artırır

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Artıq iki ilə yaxın bir müddətdir ki, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm yenidənqurma işləri aparılır. Təbii ki, bu gün həmin ərazilərdə gedən işlər prioritet istiqamətdir və dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bununla belə, hazırda ölkənin digər rayon və bölgələrində gedən inkişafın, həyata keçirilən abadlıq-quruculuq işlərinin getdikcə daha geniş vüsət aldığı danılmaz həqiqətdir. Xüsusilə son illər ərzində uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində rayonlarımızda böyük infrastruktur layihələri həyata keçirilib, əhalinin su, qaz, elektrik enerjisi ilə təchizatı, yol infrastrukturunun yenilənməsi, səhiyyə, təhsil, idman və mədəni-məişət müəssisələri üçün nəzərdə tutulan yeni binaların inşası və bir çox digər istiqamətlərdə böyük işlər görülüb və bu işlər indi də davam etdirilir.

Qeyd olunmalıdır ki, regionlarda aparılan işlərin effektivliyini, yüksək səmərəliliyini təmin edən əsas amillərdən biri də Prezident İlham Əliyevin bölgələrə müntəzəm olaraq etdiyi səfərlərdir. Bu səfərlər bir daha göstərir ki, görülən işlər birbaşa dövlət başçısının nəzarətində və xüsusi diqqət mərkəzindədir. O cümlədən avqustun 12-də Prezidentin Ağsu və İsmayıllı rayonlarına etdiyi səfər də bir sıra müəssisələrin açılışı ilə əlamətdar oldu. İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də dövlət başçısının qeyd etdiyi kimi, son illər həm Ağsuda, həm də İsmayıllıda mühüm infrastruktur layihələri icra edilir. Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük işlər görülüb. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Xüsusilə qeyd olunmalıdır ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır. O cümlədən Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına mühüm töhfələr verir. Bu müəssisədə 200-ə yaxın iş yeri açılıb.

Öz müsahibəsində ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən də danışan Prezident qeyd etdi ki, bu məqsədlə hazırda ölkəmizdə praktiki işlər aparılır və bu işlər davam etdiriləcək. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük dəstək olacaq. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının həm maldarlıq, həm bitkiçilik sahələrini inkişaf etdirmək üçün çox münbit iqlim və təbii şərait var və bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə olunmalıdır. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında isə heyvandarlığın və arıçılığın çox böyük perspektivləri var.

Daha sonra Prezident İlham Əliyev Ermənistanın yol verdiyi növbəti təxribat nəticəsində avqustun əvvələrində Qarabağda yaşanmış qarşıdurma ilə bağlı sualı cavablandıraraq bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Həqiqətən də Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyi bu gün bütün Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olmasını əngəlləyir. Halbuki, bu ölkənin öz maraqlarındadır ki, 10 noyabr 2020-ci il Bəyannaməsinin bütün şərtlərinə əməl olunsun. Yalnız bu yolla Ermənistan özünün gələcəyini qurmaq şansı əldə edə bilər. Azərbaycan qalib ölkədir və məğlub Ermənistanı bütün öhdəliklərini yerinə yetirməyə məcbur etmək gücünə sahibdir. İlk növbədə bütün erməni silahlıları Qarabağdan dərhal çıxmalıdırlar. Dövlət başçımızın dediyi kimi, 10 noyabr Bəyannaməsində açıq-aydın göstərilir ki, Ermənistanı Xankəndi ilə birləşdirən yeni yol çəkiləcək. Bu yolun çəkilməsində əsas məqsəd budur ki, Laçın şəhəri beş kilometr enində olan zonaya düşməsin və tez bir zamanda oraya keçmiş köçkün vətəndaşlarımızı qaytarmaq mümkün olsun. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdırlar. Lakin Ermənistan hələ də fitnəkarlıqla məşğuldur. Əlbəttə ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əksinə, zaman indi ermənilərin əleyhinə işləyir və hər itirilmiş gün onlar bir qədər də inkişafdan geri qalır və zəifləyirlər. Azərbaycan isə inkişaf edir və getdikcə güclənir.

Maraqlıdır ki, Ermənistan hökuməti son baş verən hadisələrin fonunda Qarabağda yaşayan erməni əhalisinə təsir gücünü də sürətlə itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.