YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Status məsələsi müzakirə olunmur və olunmayacaq

"Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində həm ölkə, həm dünya ictimaiyyətinə, eləcə də Ermənistanın bütün havadarlarına bir daha qəti şəkildə bəyan etdi ki, Azərbaycan Qarabağ torpağını şanlı ordusu ilə azad edib. Qarabağda yaşayacaq ermənilər də Azərbaycan vətəndaşları kimi öz yaşayışlarını davam etdirə bilərlər. Azərbaycan vətəndaşlığına qəbul olunduqdan sonra hər bir Azərbaycan vətəndaşına aid olan bütün hüquqlar onlara da aid olacaq. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə hansısa bir imtiyazı. Onlara hər hansısa bir əlavə güzəşt müzakirə mövzusu deyil".

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

A.Əsgərli deyib ki, ümumiyyətlə, bu status məsələsi Azərbaycan diplomatiyasının, Prezidentin siyasi xəttində heç vaxt müzakirə olunmur və olunmayacaq da: "Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, hər hansı bir zəng və ya müraciət Azərbaycan dövlətini fikrindən daşındıra bilməz. Digər tərəfdən, "Qisas" əməliyyatı bir daha göstərdi ki, Azərbaycan üçtərəfli bəyanatın icrasından sonra baş qaldıran təxribatlara qarşı öz qəti mövqeyini bir daha ortaya qoydu. Əgər hər hansı bir təxribat olarsa, "Qisas"ın davamı da olacaq və bu daha ağır zərbə olacaq".

YAP İdarə Heyətinin üzvü Laçın dəhlizi ilə bağlı da Azərbaycanın mövqeyinin qəti olduğunu vurğulayıb:  “Artıq yeni yol çəkilir. Yeni yol çəkiləndən sonra Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilər oradan köçürülməlidir. Və Azərbaycan vətəndaşları da həmin ərazilərə qayıdacaqlar. Laçında bütün nəzarət tam şəkildə Azərbaycanın tərəfində olacaq. Azərbaycan bütün sərhədlərinə nəzarət etdiyi kimi, öz ərazisində Laçın daxil olmaqla bütün ərazilərə də tam nəzarətini təmin edəcək".