YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir

“Prezident İlham Əliyev “Hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” fikirləri  ilə Azərbaycan-Türkiyə əlaqələrinin dünəninə baxış fonunda gələcək hədəfləri  açıqlayır. Tarixə nəzər salsaq görərik ki, sevincli, kədərli anlarda iki dost ölkə daim bir-birinin yanında olub, eyni mövqedən çıxış edib, dünyaya daim bu çağırışı ediblər ki, ədalət və beynəlxalq hüquq əsasdır. Bir məqamı qeyd edək ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  fəaliyyətsizliyi ucbatından  tərkibinin  dəyişməsi məsələsi gündəmə gətiriləndə, ən əsası Türkiyənin vasitəçiliyinin vacibliyi vurğulananda Ermənistan bunun mümkünsüzlüyünü bəyan edirdi. Buna əsas kimi Türkiyənin Azərbaycanın yanında olmasını bildirirdi. Reallıq bu idi ki, qardaş ölkə ədalətin, beynəlxalq hüququn yanındadır. Ən yüksək tribunalardan bəyan edir ki, dünya ikili standartlara əsaslanan siyasətə son qoymalı, həqiqətləri olduğu kimi dəyərləndirməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin iyun ayında ölkəmizə səfəri zamanı parlamentdəki çıxışında tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bildirmişdir ki,  bölgənin sülhə ehtiyacı var. Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək qlobal səviyyədə də aparırıq.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə  diqqəti tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr ərzində  Azərbaycan və Türkiyənin birgə addımlarına, eyni zamanda, hansısa tarixi gündə, məqamda iki dost ölkənin Prezidentlərinin bir yerdə olmasına,  yalnız dövlətlərarası  deyil, şəxsi münasibətlərdə də  qardaşlıq  nümayiş etdirmələrinə yönəldərək bildirib ki, dünyaya səs salan, Türk dünyasının mədəniyyət paytaxtı  Şuşanın şahidlik etdiyi Müttəfiqlik Bəyannaməsi  bu qardaşlığın sarsılmazlığına xidmət edir. Şuşa Bəyannaməsində yer alan müddəaların icrası istiqamətində tərəflər biri-birindən əhəmiyyətli addımlar atır. Reallıqlarımızın təbliğində əhəmiyyətli rola malik olan mətbuat sahəsində də  əməkdaşlığın inkişafına xidmət edən Memorandum imzalandı, ən əsası Ortaq  Media Platforması yaradıldı.

“Tarixi köklərə bağlılıq bu dostluğu, qardaşlığı daha da möhkəmləndirir, liderlərin şəxsi münasibətləri bu əməkdaşlığa yeni çalarlar əlavə edir” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  son aylarda Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə keçirilən tədbirlərə diqqət yetirək: “Ölkə Prezidenti may ayında  Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etdi. Bu səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşdı.  Həmin açılış mərasimində “Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi… İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki,  qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunların təməlində aparılan uğurlu siyasət, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində də böyük layihələr icra etməyə qadirdir.”

Vüqar Rəhimzadə may ayının 28-də - Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən,  eyni zamanda, Azərbaycan Prezidenti ilə  birgə “TEXNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştiraklarından bəhs edib. Bildirib ki, artıq hər iki ölkənin gənclərinin   gələcək inkişafımıza  töhfələr verməsi üçün mühüm addımlar atılır, gənclərimiz daha da yaxınlaşırlar.

“Bugünümüz üçün mühüm olan tarixi hadisə dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etməsidir. Bu mühüm idman tədbirində öncə dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü oldu. Görüş zamanı iki qardaş ölkənin müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrindən, postmünaqişə dövrünün reallıqları fonunda görülən işlərdən, eyni zamanda, son günlər Qarabağda yaranan gərginlikdən geniş bəhs olunub. Rəcəb Tayyib Ərdoğan bir daha Türkiyənin dəstəyini ifadə edib. Dövlət başçısı İlham Əliyev Konya şəhərində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi və  Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul etmişdir. Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətindən bəhs olunmuşdur. Prezident İlham Əliyev,  həmçinin V İslam Həmrəyliyi Oyunlarına qatılan Azərbaycan idmançıları ilə görüşmüşdür. Ölkəmizin idman sahəsində qazandığı uğurlardan, idmançılarımızın Azərbaycanın bayrağını yüksəklərə qaldıraraq qazandıqları  nəticələrdən danışan dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir ki, ilk dəfə olaraq İslam Həmrəyliyi Oyunlarında qalib Azərbaycanı təmsil edirsiniz. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”, - deyə  YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə diqqəti, eyni zamanda, V İslam Həmrəyliyi Oyunlarına qatılan ölkələrin və idmançıların say tərkibinə yönəldib: “Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.  2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında isə  54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdı. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşmışdır. V İslam Həmrəyliyi Oyunlarında iştirakçı dövlətlərin, idmançıların, eyni zamanda, medalların say tərkibində artım Oyunlara diqqət və marağın artdığını göstərməklə yanaşı, İslam dünyası ölkələrinin bir araya gəlmək istəklərini də nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.”

YAP Xətai rayon təşkilatının sədri iki dost ölkənin islam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələrindən geniş bəhs edərək bildirib ki, bu Oyunlar həmrəyliyə böyük töhfələr verir. İdmançılarımız yeni dostlar qazanır, həm öz, həm də Oyunların təşkil olunduğu ölkələrin təbliğatçısı qismində çıxış edirlər. Ölkələrin, xalqların daha da yaxınlaşması birliyin, həmrəyliyin möhkəmlənməsinə böyük stimuldur.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, dünya   Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir. Konya şəhərində keçirilən  V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində  Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı  qürurverici olmaqla yanaşı, dünyaya  qardaşlıq əlaqələrinin davamlı inkişafında   etimad, səmimiyyət amillərinin əsas faktor olmasına  çağırışdır.