YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qəhrəman Cavanşir Rəhimovun xatirəsi anılıb

Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri, Qax rayonunun Qaşqaçay kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun şəhidlik zirvəsinə yüksəlməsinin 30-cu ildönümü ilə əlaqədar Qax şəhərindəki Şəhidlər xiyabanında anım tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının, Qax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Mərasimdə çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayev və başqaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun döyüş yolundan, mübarizliyindən söz açıb, şəhidlərin əziz xatirəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Milli Qəhrəmanın anası Lalə xanım Vətən uğrunda canını qurban verən igid övladı ilə hər zaman qürur duyduğunu bildirib, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Anım tədbiri daha sonra qəhrəmanın doğulduğu Qaşqaçay kəndində davam etdirilib.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə Cavanşir Rəhimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.