YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Diaspor gənclərinin vətənpərvərlik hissinin gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirilir

Bu gün gözəl və azad Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirilir. Bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Fondunun, Gənclər Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşdırılır. Əsas məqsədimiz Prezident İlham Əliyevin dediyi kimi, gənclərimizi Azərbaycan həqiqətləri ilə tanış etməkdir. Buradakı gənclərin əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Biz çalışmalıyıq ki, onları Azərbaycanda gedən proseslərlə yaxından tanış edək. Diaspor gənclərinin vətənpərvərlik hissinin gücləndirilməsi üçün ölkəmizlə bağlı müxtəlif layihələr təşkil olunur və onlar bu təşəbbüslərə fəal şəkildə qoşulurlar.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışında jurnalistlərə açıqlamasında söyləyib.

Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsinin 2018-ci ildən həyata keçirildiyini vurğulayan Komitə sədri bu il də layihəyə böyük marağın olduğunu, 500-dən çox müraciətin ünvanlandığını bildirib.

“Yay Düşərgəsi ərzində şəhid ailələrinin üzvləri, qazilər, Şuşa fatehləri ilə görüşlər təşkil olunacaq. Eyni zamanda, gənclər Şuşa ilə yanaşı, işğaldan azad edilən digər şəhər və kəndlərimizə də səfər edəcək, oradakı şəraitlə tanış olacaqlar. Həmçinin onlar bir həftə ərzində yaşadıqları ölkələrin müxtəlif dövlət qurumlarına, parlamentlərinə, ölkə başçılarına müraciət edəcəklər. Müraciətlərdə ermənilərin otuz ilə yaxın müddətdə işğal altında saxladıqları bu ərazilərdə törətdikləri vandalizm aktları diqqətə çatdırılacaq”, - deyə Komitə sədri bildirib.

F.Muradov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə səfərlərin intensivləşdirilməsini, bu ərazilərə daha çox soydaşlarımızın gəlməsini və onların burada baş vermiş proseslərin dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə diqqət mərkəzində saxlayır. Şuşada həyata keçirilən hər bir tədbir vacibdir. Azərbaycanın mədəniyyət paytaxtı xalqımızın mübarizliyinin rəmzidir.

“Diaspor hərəkatının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Biz çalışmalıyıq ki, harada yaşamağımızdan asılı olmayaraq, dövlətçiliyimizi, müstəqilliyimizi hər zaman qoruyub saxlayaq”, - deyə F.Muradov diqqətə çatdırıb.