YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir

“Tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması günümüzün əsas çağırışlarındandır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin  və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından  ötən iki ilə yaxın dövr ərzində Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması istiqamətində atdığı konstruktiv addımların qarşılığında Ermənistanın qeyri-konstruktiv mövqeyi, prosesə laqeyd yanaşması diqqətdən kənarda qala bilməz. Ermənistan rəhbərliyinin artıq tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunu “diriltmək” istiqamətində mənasız, sülh müqaviləsinin imzalanması prosesini uzatmaq cəhdlərini müşahidə edirik. Bununla bağlı dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistana ciddi mesajdır.  “Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var. İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib” söyləyən Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistanın tez-tez Minsk qrupu ilə bağlı fikirlərinin arxasında yenə də  ölkəmizə qarşı ərazi iddiasını görürük.  Ermənistan bir tərəfdən ölkəmizin irəli sürdüyü  beş prinsipi qəbul edir,  digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin bərpasına çalışır. Özlüyündə yaranan “Minsk qrupu nə ilə məşğul olmalıdır” sualının cavabında isə dövlət başçısı bildirir ki,  Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  istər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə  əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir: “Amma Ermənistan  sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Bu baxımdan ki, qeyd olunan sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirmir. Dövlət başçısı İlham Əliyev  Ermənistana və ona havadarlıq  edən dövlətlərə bu fikirləri ilə ciddi mesaj ünvanlayır: “ Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti 10 noyabr Bəyanatında yer alan bu müddəaya yönəldib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.” Sual olunur - erməni silahlı birləşmələri tam tərkibdə  çıxarılıbmı? Son iki ilə yaxın dövrdə ən çox  müzakirə olunan məsələlərdən biri məhz budur. Qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayıb.  Niyə?  Bu sualı Ermənistan rəhbərliyi və ona havadarlıq edən dövlətlər cavablandırmalıdırlar. Ermənistan açıq-aşkar 10 noyabr Bəyanatının    müddəalarını  kobud şəkildə pozsa da, bəzi dünya gücləri seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Regionda dayanıqlı sülhün təmin edilməsində, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olan Avropa İttifaqı isə bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üç dəfə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş nazirinin görüşü  keçirilib. Brüssel sülh gündəliyinin əsası qoyulub ki, bunun da müəllifi Azərbaycandır. Ölkəmiz hər zaman sülhün tərəfdarı olub.  44 günlük İkinci Qarabağ  müharibəsi Azərbaycanın istər döyüş meydanında, istər diplomatiya, istərsə də informasiya cəbhəsində üstünlüyünün dünyaya təqdimatı oldu. Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla  azad etmək imkanında olsa da 30 ilə yaxın dövrdə sülh danışıqlarına üstünlük verdi, Ermənistanın nə zamansa torpaqlarımızı sülh yolu ilə  geri qaytaracağına inamını itirmədi. Çünki dünyanın əsas beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistan işğalçı qüvvələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Amma 30 ilə yaxın dövrün təcrübəsi göstərdi ki, ədalət və beynəlxalq hüquq  zamana və məkana görə tətbiq edilir.”

Vüqar Rəhimzadə vurğulayıb ki,  reallıq budur ki,  sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb, qrupda təmsil olunan üzvlər  müəyyən edilib. Ermənistan tərəfdən isə hələ  belə bir addım atılmayıb. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin  Azərbaycan    Prezidenti İlham Əliyevə zəngində də bu məqama xüsusi diqqət yönəldildi ki,  Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən  görüş  iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirilir.  Dövlət başçısı İlham Əliyev  bildirdi ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.

“10 noyabr Bəyanatının imzalanmasından  1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan tərəfi sənəddə əks olunan bəzi müddəaların yerinə yetirilməsini yubadır” söyləyən YAP Xətai rayon təşkilatının sədri  onu da əlavə edib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan tərəfi qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə qaldırsa da  Ermənistan bu prosesi yubadır. Dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə də  diqqəti bu məsələyə yönəldərək bildirmişdir ki,  Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Amma göründüyü kimi, bugünədək  bu məsələ öz həllini tapmayıb. Ermənistan açıq-aşkar  10 noyabr Bəyanatına zidd olaraq  bu öhdəliyi yerinə yetirmir. Bir mühüm məqamı da nəzərə alaq ki,  10 noyabr Bəyanatını imzalayan üçüncü tərəf Rusiyadır. Bu halda  sənəddən irəli gələn  öhdəliklərin yerinə yetirilməsi üçün Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşməklə yanaşı, Ermənistanı bu öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Reallıq budur ki, Ermənistan  istər sülh müqaviləsinin imzalanması prosesində, istərsə də Bəyanatdan irəli gələn öhdəliklərin icrası istiqamətində konstruktiv deyil, öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan 30 ilə yaxın işğal dövründə də Ermənistanın belə mövqeyinin şahidi olub. Amma bu mövqe Ermənistana baha başa gəldi və Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi ilə Ermənistanı diz çökdürərək tarixi Zəfər qazandı.”

Vüqar Rəhimzadə, eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu bəyanatına bir daha diqqəti    yönəldib: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir.” 44 günlük İkinci Qarabağ müharibəsi  Ermənistana ciddi dərs olmalı idi. Amma belə görünür, sülh müqaviləsinin imzalanması ilə bağlı  prosesdə də hansısa güclərdən dəstək alır ki, o dərsi unudub, yenidən başqa istəklə yaşayır. Dövlət başçısı İlham Əliyev ilk gündən bu bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz.”

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, Azərbaycan  xarici işlər nazirinin  Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında da bölgədə sülh və tərəqqinin təmin edilməsinə, o cümlədən nəqliyyat və kommunikasiyaların açılmasına, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılmasının zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyinə diqqət yönəldilib. Tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edən Azərbaycan xarici işlər naziri bildirib ki,  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb və bu,  qəbuledilməzdir.

“Reallıq budur ki, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində ciddi addımlar atır. Zəngəzur dəhlizinin açılması reallıqdır. İki dövlətin sərhədinin delimitasiyası məsələsi Brüssel görüşlərində əldə edilən razılaşmalarda öz əksini tapıb. Amma problem Ermənistanın bu prosesləri yubatmasında, qeyri-konstruktiv mövqe ortaya qoymasındadır”, -deyə Vüqar Rəhimzadə bildirib.

DİGƏR Xəbərlər Arxiv