YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Nevada ştatı Azərbaycana dəstəyini ifadə edən qətnamə qəbul edib

ABŞ-ın Nevada ştatının parlamenti aprelin 28-də keçirilən plenar iclasında Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.

Qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul qanunvericilərə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.

Parlamentin spikeri Con Həmbrik tərəfindən imzalanmış qətnamədə Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi sahəsində, terrorçuluğa və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə sıx əməkdaşlıq edirlər. Bildirilir ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan terroçuluqla mübarizədə ABŞ-a hərtərəfli yardım göstərib, öz sülhməramlı qüvvələrini Əfqanıstana göndərib. Vurğulanır ki, 2001-ci ildən bəri hər il Əfqanıstandakı ABŞ qoşunlarının təchizatının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur.

Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək “Cənub Enerji” qaz dəhlizinin ən önəmli aktorlarından bir olaraq qalmaqdadır.

Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar və dinlər dinc şəraitdə yaşamaqdadırlar.

Bildirilir ki, Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib.

Sonda qeyd olunur ki, ABŞ Azərbaycan kimi müttəfiqlərinin müstəqiliiyini bundan sonra da dəstəkləməli və onlarla münasibətləri daha da gücləndirməlidir.

Bu, Nevada parlamenti tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir.