YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu hədəfə nail olmaq üçün  regionların malik olduqları potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və  regional inkişaf proqramlarının icrasına başlanıldı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının icrasına start verildi. Ötən 18 ildə regionların inkişaf səviyyəsinə diqqət yetirsək böyük dəyişikliyin, ən əsası şəhərlə kənd arasında fərqin tamamilə aradan götürüldüyünün şahidi olarıq. Belə ki, Dövlət proqramlarının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri  görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər  insanları narahat edən problemlərin həlli istiqamətində mühüm addımlar atılır və nəticələr göz önündədir.

İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən geniş bəhs edərək hədəfləri açıqladı, məmurlara xəbərdarlıqlar edildi. Əsas hədəf şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə,  vətəndaş məmnunluğunun artırılmasıdır. Görüşdə bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini,  bəzilərinin hökmünün  verildiyini,  bəzilərinin isə işlərinin  məhkəmədə olduğunu  qeyd edən dövlət başçısı bildirdi ki,  heç kim qanundan üstün ola bilməz. Qarşıya qoyulan əsas hədəflərdən biri icra başçılarının  daim insanlarla təmasda olmasıdır. Cənab İlham Əliyev  keçirilən müşavirələrdə bu çağırışı səsləndirir ki, məmurlar ictimaiyyət arasında olmalı, onların qayğıları ilə maraqlanmalı,  onları narahat edən problemləri onların dilindən eşitməli və həlli istiqamətində addımlar atmalıdırlar. Dövlət başçısının bölgələrə səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşləri, onlarla səmimi  söhbət etməsi, qayğıları ilə yaxından tanış olması məmurlara nümunədir. Ölkə Prezidentinin rayonlara ardıcıl səfərlərinin Regional dövlət proqramlarının icrasında  rolu, əhəmiyyəti böyükdür. Belə ki, dövlət başçısı həm görülən işlərlə yaxından tanış olmaq, həm də ictimaiyyəti düşündürən, narahat edən məsələləri onlardan eşitmək istəyir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Dövlət proqramları hazırlanarkən   bölgələrdən gələn təkliflər əsas götürülür.

Hər zaman özünə diqqət və qayğının şahidi olan ölkə əhalisi Prezidentin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, onun ətrafında sıx birləşir. Qeyd edilən görüşdə cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Həyata keçirilən siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib,  ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Məhz bu siyasət nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu, torpaqlarımız azad edildi, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın” söyləyən dövlət başçısı bildirdi ki, bunun üçün bütün imkanlar  mövcuddur.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin hər biri ölkəmizin gələcəyinə hesablanıb. Azərbaycanın iqtisadi, sosial sahələrdə qazandığı uğurların əsas şərti olan siyasi sabitlik şəraitində həyata keçirilən islahatların daha geniş miqyasda tətbiqi günün tələbi kimi qarşıya qoyulur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin, bərpa-quruculuq işlərinin hər biri Böyük Qayıdışın  sürətləndirilməsinə xidmət edir. Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar hadisələrə daha mükəmməl yanaşma tələb edir. Qarşıdakı 10 il üçün nəzərdə tutulan quruculuq - abadlıq işlərinin dəqiq ünvanı, məqsəd və məramı bəllidir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.