YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci il dönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, partiyanın əməkdaşları, beynəlxalq arenada yüksək nəticələr əldə etmiş respublikamızın gənc idmançıları, fəal gəncləri iştirak ediblər.

Əvvəlcə YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman Nazirliyinin 28 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar bildirib ki, Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynayıb, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəsilə diqqət dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib ki, bunun məntiqi nəticəsi olaraq 1994-cü ilin iyul ayının 26-da Gənclər və İdman Nazirliyi təsis edilib. Məhz bu addım ayrı-ayrı dövlət qurumlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordinasiya etmək baxımından mühüm əhəmiyyət kəsb edib.

B.Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır. Bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də Ulu Öndərimizin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət yetirir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da yorulmaz, uğurlu fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Həm ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, hər bir dövlətin gənc nəsilə verdiyi dəyər gənclərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin əsasını qoyması və inkişaf strategiyasını müəyyən etməsi tarixi uğurlarımızdandır. Məhz bunda sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində gənclərimiz beynəlxalq arenada ölkəmizi yüksək səviyyədə təmsil edərək Azərbaycanın mühüm nailiyyətlər qazanmasında yaxından iştirak edirlər.

Sonra yüksək nailiyyət əldə etmiş gənc idmançılar çıxış edərək vətənimizi beynəlxalq idman yarışlarında qürurla təmsil etdiklərini bildiriblər və Azərbaycan dövlətinin onlara göstərdiyi diqqət və qayğıdan söhbət açıblar. 

Sonda Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov YAP-ın ictimai-siyasi həyatındakı fəaliyyətinə, bir qrup idmançı isə peşəkar idmanda əldə etdikləri yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif olunub.