YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: İslahatlar təqdirlə qarşılanır

“Regional inkişaf proqramları çərçivəsində görülən işlər, əldə olunan nəticələr ölkəmizin bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. İyulun 25-də Prezident İlham Əliyev  Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi görüşdə qarşıda dayanan vəzifələri açıqladı. Dövlət başçısı bildirdi ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalı, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulundan bugünədək görülən işlərin xronologiyasına diqqət yetirsək bölgələrimizin simasının tamamilə dəyişdiyini, kənd və qəsəbələrimizin də bu inkişafdan kənarda qalmadığını böyük əminliklə qeyd edə bilərik. Bütün rayonlarda geniş abadlıq-quruculuq işləri görüldü, infrastruktur layihələri icra edildi,   insanları narahat edən problemlərin böyük hissəsi  öz həllini tapdı. Təbii ki, hər bir sənədin uğurlu icrası növbəti addımın atılmasını şərtləndirir. 3 Dövlət proqramı uğurla icra edildi və əldə edilən uğurlar fonunda 4-cü sənəd təsdiqləndi”. 

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının başa çatmasına az  müddət qalır:  “3 Dövlət proqramının icra olunduğu 2004-2018-ci illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdı. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdi. Regionların, o cümlədən kənd və qəsəbələrin  sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,  əhalinin məşğulluğunun, maddi rifahının yüksəldilməsi məqsədilə  təsdiqlənən dördüncü sənədin icra edildiyi dövr də  uğurlu nəticələrlə diqqətdədir və gələcəyə daha böyük  inamla addımlamağa əsas verir. Bir mühüm məqamı nəzərə alaq ki, 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirləri həyata keçirilir. Həmçinin  2020-ci ildə 44 günlük Vətən müharbəsini yaşadıq. İki ilə yaxındır ki, tarixi Zəfərimizin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa təqdimat ölkəmizin  iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır”.

Əliabbas Salahzadə   qeyd edilən qəbulda dövlət başçısı İlham Əliyevin səsləndirdiyi “Biz sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq” fikirlərini önə çəkərək vurğulayıb ki, xalq-iqtidar birliyi,  vətəndaş  həmrəyliyi,  davam edən  dinamik inkişaf, hakimiyyətin yürütdüyü siyasətin əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik Azərbaycana uğurlar qazandırır: “Son  18 ildən artıq dövrdə  iqtisadiyyatın bütün sahələri üzrə diqqət çəkən biri-birindən əhəmiyyətli uğurların nəticəsidir ki,  Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirir,   liderliyni qoruyur. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır. Ölkədə aparılan  sosial-iqtisadi islahatlar vətəndaşlar tərəfindən  təqdirlə qarşılanır”.

“Bu gün Azərbaycan cəmiyyətinin həmrəylik nümayiş etdirdiyini, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəklədiyini vurğulayan dövlət başçısı İlham Əliyev  bir daha bildirdi ki,  siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Həyata keçirilən siyasət ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bu siyasətin nəticəsində Azərbaycan hərbi-siyasi yolla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad, tarixi ədaləti,  milli qüruru bərpa etdi”,-deyə millət vəkili  bildirib.

Ə.Salahzadə  işğaldan azad edilmiş ərazilərimizdə, ümumilikdə bütün regionlarda görülən işlərin təhlili fonunda diqqəti cənab İlham Əliyevin görüşdə səsləndirdiyi bu çağırışa yönəldib: “Dövlət başçısı bildirdi ki,  rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi rayon rəhbərliyinin işinə  kömək olar. İnsanlarla bir yerdə olmaq, onların qayğıları ilə maraqlanmaq hər bir məmurun qarşısında dayanan əsas vəzifədir”.

“Azərbaycanda islahatlar prosesi dövrün tələbinə uyğun olaraq daha da təkmilləşdirilir. Kadr islahatları həyata keçirilir. İdarəçilik sistemində yeniləşmə, təkmilləşmə hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa imkanlar yaradır. Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanması təsadüfi deyil. Hazırda işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması ümumilikdə bütün bölgələrimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Azərbaycan sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev bir daha xəbərdarlıq etdi ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq” ,- deyə millət vəkili vurğulayıb.