YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin açılışı olub

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yevlax rayonunun Səmədabad kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş  Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılan abidə kompleksinin açılış mərasimində iştirak edib. 

Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərliyi və əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələrinin  iştirak etdiyi tədbirdə müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Vətən Müharibəsinin Yevlax rayonunun Səmədabad kəndindən olan Şəhidi, polkovnik-leytenant Soltan Məmmədovun doğum günü qeyd edilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, 2003-cü ildən bu günə qədər  xalq öz Prezidentinə Doğma Partiyamızın Sədri cənab İlham Əliyevə inanaraq onun arxasınca gedir, Azərbaycanın inkişafı üçün yürütdüyü siyasəti dəstəkləyir. Prezident İlham Əliyev xalqın, xüsusilə də gənc nəslin gücünü, yüksək vətənpərvərlik ruhunu səfərbər edib vahid məqsədə - Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi üçün tarixi Qələbəyə doğru məharətlə apara bilib. Ali Baş Komandanın yüksək diplomatiya bacarığı, istedadlı sərkərdəlik qabiliyyəti, onun yaratdığı Prezident-Xalq-Ordu birliyi və Ordumuzun rəşadəti düşmən üzərində parlaq Qələbəmizi təmin edib.

Şəhid polkovnik-leytenant Soltan Məmmədovun Vətən müharibəsində göstərdiyi şücaətdən geniş bəhs edən yerli təşkilatın sədri bildirdi ki, ümumilikdə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlərimizin göstərmiş olduğu cəsarət Azərbaycan xalqı, xüsusilə də gənclərimiz üçün əsl qəhrəmanlıq nümunəsi və daim qürurlanacağımız iftixar hissidir. Bu gün Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Hər bir vətəndaşımız qürur hissi keçirir ki, güclü Liderimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən bənzərsiz YAP siyasəti xalqımızın təhlükəsiz və firavan həyatını təmin edir.

Vətən Müharibəsi şəhidlərinin ataları Fərman Kazımov, Mehti Adgözəlov çıxışlarında bildirdilər ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir. Bizim övladlarımız yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini düşmənə göstərdilər.

Tədbirdə çıxış edən digər rəsmi nümayəndələr Vətən Müharibəsində Müzəffər Ordumuzun şanlı zəfərindən söz açıblar. Bildirildi ki, Ordumuzun 44 günlük əks-həmlə əməliyyatları nəticəsində 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı azad etdik. Böyük zəfərimiz Prezidentimizin qətiyyəti, xalq-ordu birliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində təmin edilib.

İştirakçılar Vətən müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun həyat və döyüş yolundan və göstərdiyi qəhrəmanlıqdan söhbət açıblar. Qeyd olunub ki, Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid polkovnik-leytenant Məmmədov Soltan Akif oğlu ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, Laçının azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilibdir.

Çıxış edən Şəhid Polkovnik Leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. Qeyd edib ki, Soltan Məmmədov nə qədər ailəsinə bağlı olsa da, Vətənini, torpağını hamıdan, hər şeydən üstün tuturdu. Vətənə olan sevgisi Vətənin dar günündə onu irəli atılmağa məcbur etdi. Soltan yaşadığı həyatın çox hissəsini vətəninə xidmətə həsr etmiş əsl şəxsiyyətdir. O, təkcə həyat yoldaşı deyildi, O həm də əsl dost idi. O, Məni həmişə mətin olmağa çağırırdı. O elə bil hiss etmişdi ki, nə vaxtsa Şəhidlik zirvəsinə ucalacaq. Bəli, şəhidlik Soltanın ən böyük arzusu idi, arzusuna da çatdı. Soltan tək bizlərin, ailəsinin yox elin, obanın övladıdır, qohumudur.

İştirakçılar göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya  öz minnətdarlığını bildirib.

Tədbirin sonunda Yevlax Mədəniyyət Mərkəzinin əməkdaşları və Səmədabad kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.