YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın mövqeyi qəti və birmənalıdır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin uğurlu inkişafından, qarşıya qoyulan vəzifələrin icrasından söhbət açıldı. Bildirildi ki, xarici siyasətimiz çox fəal olub, ölkəmizin nüfuzu artıb. Azərbaycan Respublikasının Prezidenti müşavirədəki çıxışında xüsusi olaraq qeyd etdi ki, bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur: “Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”.

Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəf hələ ki, belə bir addım atmayıb. Bu günədək Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit olunmuş məsələlərin icrasından boyun qaçırır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı olduğu halda bu günə kimi bu imkan yaradılmayıb, eləcə də Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bütün bunların müşavirədə bir daha diqqətə çatdırılması o deməkdir ki, Azərbaycan dövləti Ermənistan rəhbərliyinə xatırladır ki, biz öz mövqeyimizi sonadək davam etdirəcəyik. Həm Ermənistan rəhbərliyi, həm də müxalifətdə olan bir sıra revanşist qüvvələr son dövrdə hansısa statusdan danışır. Prezident bununla bağlı deyib: “Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm”.

Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti mövqeyidir. Həmçinin Prezidentin “Zəngəzur üçün status tələb edə bilərik” fikri Ermənistan üçün soyuq duş effekti yaratdı. Ermənistan və onun havadarları bundan sonra status məsələsi ilə manipulyasiya edəcəkləri halda daha ağır duruma düşə bilərlər. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib, onun bütün çağırışlarını yerinə yetirməyə hazırdır. 44 günlük müharibə bunun bariz nümunəsidir.