Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Nquyen Tan Danq ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nquyen Tan Danq ilə görüşmüşdür.
Görüşdə Baş nazir Nquyen Tan Danq bu səfərin ikitərəfli əlaqələrimizin yeni inkişaf səviyyəsinə çatmasında böyük əhəmiyyət daşıdığını bildirdi. Səfər çərçivəsində səmərəli görüşlərin keçirildiyini deyən Nquyen Tan Danq Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın qazandığı nailiyyətlərdən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Vyetnam arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini deyən Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq qurduqlarını vurğuladı. Nquyen Tan Danq iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsi, xüsusilə də investisiyaların qoyulması üçün yaxşı potensialın olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi, iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılmasının vacibliyini bildirdi. Bununla bağlı ölkələrimiz arasında iqtisadi əlaqələrin strukturu və formalarının genişləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, investisiyaların qoyulması, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu vurğulayaraq bu sahələrdə əlaqələrin genişlənəcəyinə, dövlət səfərinin bu prosesə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.