YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Elman Nəsirov

Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 15-də bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Prezident İlham Əliyev 6 ayın yekunlarını müsbət qiymətləndirmiş, ölkə həyatının bütün istiqamətləri üzrə inkişaf dinamikasının əldə edildiyini vurğulamışdır. Məsələyə bu xüsusda yanaşdıqda xarici siyasət sahəsində əldə edilmiş uğurlar daha böyük miqyası ilə seçilmişdir. Bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində öz təsdiqini tapmışdır. “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır” ,- deyən Prezident İlham Əliyev əslində sadalalan addımlar fonunda bu Hərəkatın gələcəkdə beynəlxalq təşkilata çevrilməsinin mümkünlüyünün anonsunu vermiş oldu. Bu reallığın formalaşmasında Azərbaycanın sədr dövlət olaraq oynadığı rola toxunan dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsində, bu konteksdə ehtiyacı olan 80-dən artıq üzv ölkələrə iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsində ölkəmizin xidmətləri kifayət qədər böyükdür.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Respublikasının müstəqil və milli maraqlara əsalanan uğurlu xarici siyasət kursu sayəsində dünyanın diğər aparıcı beynəlxalq təşkilatları və güc mərkəzləri ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etmişdir. Bu, baxımdan İslam Əməkdaşlıq Təşkliatı ilə əməkdaşlıq xətti artma dinamikasına malik olmuşdur. Bu məsələyə diqqət çəkən dövlət rəhbərimiz vurğulamışdır ki, sözügedən qurumun yeni rəhbəri Azərbaycanda olmuş və bu səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə-Füzuliyə və Şuşaya getmişdir. Bu səfərin əhəmiyyətinə və bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşdirilməsinə toxunan cənab İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, “Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.”

Prezident İlham Əliyev giriş nitqində Azərbaycanın xarici siyasət tərəfdaşları arasında Avropa İttifaqının tutduğu yüksək mövqeyə diqqəti cəlb edərək vurğuladı ki, “Biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının Prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdı”.

Yeri gəlmişkən onu da qeyd edək ki, cənab Prezidentin anonsunu verdiyi enerji təhlükəsizliyi ilə bağlı müvafiq sənəd-Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu iyulun 18-də Bakı şəhərində imzalanmışdır. “Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var” ,- deyən Prezident İlham Əliyev imzalanmış yeni sənədin əhəmiyyətinə toxunaraq vurğuladı ki, “Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq... Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq”. 

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə öz növbəsində Anlaşma Memorandumunun xüsusi əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edərək bildirdi ki, “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub əQaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.

Azərbaycan Prezidentinin yaxın tərəfdaş olaraq qeyd etdiyi beynəlxalq təşkilatlar sırasında Türk Dövlətləri Təşkilatının adının da xüsusi olaraq qeyd edilməsinin ciddi əsasları vardır. Əvvəla, bu qurumun yaranması və inkişafında Azərbaycanın müstəsna rolu vardır. İkincisi, bu təşkilatın üzv dövlətləri ilə Azərbaycanı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti ilə cari ildə 3 dəfə görüşmüşdür, aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana, iyunda isə dövlətimizin başçısının Özbəkistana və Türkmənistana səfərləri olmuşdur. Avqust ayında isə Qazaxıstan Prezidentinin  Azərbaycana səfəri gözlənilir. Sadalanan səfərlərin sayı və qarşılıqlı təmasların intensivliyinin özü bir göstəricidir.

Eyni zamanda Azərbaycan Prezidenti vurğuladı ki, xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır və bu xüsusda qonşu dövlətlərlə əməkdaşlıq mühitin inkişaf etdirilməsi mühüm hədəfimizdir. Bu baxımdan Rusiya, İran və Gürcüstan prezidentləri ilə keçirilən görüşlərin əhəmiyyətinə diqqət çəkildi.

Prezident İlham Əliyev qeyd etdi ki, ABŞ ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımız inkişaf edir. ABŞ Prezidenti 2 dəfə-Müstəqillik Günü və Bakı Enerji Həftəsinin açılışı ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubları göndərmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, “Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. “  Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 4 İyul İstiqlaliyyət Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd etmişdir ki, “30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”

Həqiqətən də, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən varislik prinsipinə sadiqlik, kreativlik və innovativ yanaşmalar hesabına uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbyacan Prezidenti İlham Əliyev dünya miqyasında mahir diplomat, Müzəffər Ali Baş Komandan və nəhəng siyasi lider kimi tanınır. Cari ilin 6 ayının xarici siyasət yekunları da yuxarıda səslənən fikirlərin həqiqiliyini tam təsdiqləyir.