YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib

“Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin konkret dövr ərzində ayrı-ayrı sahələr üzrə əldə etdiyi uğurların və onların əsasında  müəyyənləşdirilən  perspektivlərin təqdimatıdır. Bu baxımdan, iyulun 15-də ölkə Prezidentinin  sədrliyi ilə keçirilmiş cari ilin  altı ayının yekunlarına həsr olunan müşavirədə cənab İlham Əliyevin proqram xarakterli nitqi qarşıda dayanan vəzifələrin təqdimatı baxımından olduqca   diqqətçəkəndir.  Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək diqqəti bu məqama yönəltdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması  Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial  müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq  işlərinin miqyasını da nəzərə alsaq  Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu  böyük əminliklə qeyd edə bilərik. Çünki ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə  bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizdən sonra  Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi cari ilin 6 ayında xarici siyasət sahəsində qazanılan uğurlardan aydın görünür: “Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələri yüksələn xətlə inkişaf edir.  “Azərbaycan öz sözünə sadiqdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, beynəlxalq arenada oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün  maliyyə dəstəyi, xüsusilə COVID-19-la bağlı 80-dən çox ölkəyə edilən humanitar yardım  nüfuzumuzu daha da  artırmışdır. Bunu aydın görmək üçün Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən həm daxildə, həm də beynəlxalq  səviyyədə həyata keçirdiyi tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Öncə türk dünyasının birliyinə nail olmaq üçün dövlət başçısı İlham Əliyev Türk Şurasının Zirvə Görüşünün keçirilməsinə nail oldu. Sonra bütün dünya dövlətlərini bir araya gətirmək üçün  Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmçinin quruma üzv dövlətlərin birgə səyləri əsasında Azərbaycanın BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü dəstəkləndi. 2020-ci ilin dekabrında bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının  Xüsusi Sessiyası keçirildi. Göründüyü kimi, Azərbaycan bu kimi təşəbbüsləri ilə dünyanın  bir-birinə əks olan qütblərini  bir araya gətirərək, onları beynəlxalq səviyyədə  narahatlıq doğuran  məsələlərin həllində birgə fəaliyyət göstərməyin zəruriliyinə inandırmağı bacarır”.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət  uğurlarından bəhs edərkən  diqqəti, eyni zamanda,  Amerika-Azərbaycan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yönəltdi: “Amerika Birləşmiş Ştatlarının Prezidenti  dövlət başçısı İlham Əliyevə istər Müstəqillik Günü, istərsə də Enerji Həftəsinin açılışı münasibətilə təbrik məktublarında  bildirib ki, hər iki ölkə  münasibətləri  müxtəlif istiqamətlər üzrə inkişaf etdirmək imkanlarına malikdir. Azərbaycanın cari ilin altı ayında  dünyanın güc mərkəzləri, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinə diqqət yetirdikdə  böyük uğurların əldə olunduğunu   əminliklə qeyd edə bilərik. Azərbaycan -Avropa İttifaqı əməkdaşlığı da yüksələn xətlə inkişaf edir. Nəzərə alaq ki, Avropa  İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz dəstəyini göstərməyə hazır olduğunu bildirir, eyni zamanda,  iki ölkə arasında münasibətlərin  normallaşması üçün səylərini artırır. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir. Daim çıxışlarında  “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən  dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurları xüsusi olaraq diqqətə çatdırır.  Əgər yaxın tarixə nəzər salsaq, görərik ki, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə gələcək əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması və layihənin nəzərdə tutulduğu vaxtda, 2018-ci ildə rəsmi açılışı, 2020-ci ilin sonunda tam şəkildə istifadəyə verilməsi  Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun  göstəricisidir.  Azərbaycanın  müstəqil siyasəti uğurlarının davamlılığında, ədalətli mövqeyinin möhkəmlənməsində  mühüm rol oynayır. Ölkə Prezidentinin  “Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik” sözləri də deyilənlərin təsdiqidir.”

YAP Xətai rayon təşkilatının sədri  son iki ilə yaxın dövrün əsas diqqətdə olan məsələlərindən biri kimi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində atılan addımlara da diqqəti yönəldib: “Dövlət başçısı İlham Əliyev  bir daha bu reallığı diqqətə çatdırdı ki,  Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq  Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib.  Ölkə Prezidentinin də qeyd etdiyi kimi,  təkliflərimizin qəbul edilməsi  müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur.  Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırmasını təsdiqləyən xeyli sayda fakt sadalaya bilərik. Həmçinin  son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb.  Azərbaycan Prezidenti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  xarici mətbuata müsahibələrində, həmçinin xalqa müraciətlərində statusun hara getdiyini bəyan edib. Ermənistanın bu məsələni yenidən gündəmə gətirməsi  birmənalı qarşılana bilməz. Bu, işğalçı dövlətin özü üçün  çox təhlükəli məsələdir. Dövlət başçısı bu təhlükəni belə əsaslandırır ki,  biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı.”

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin müşavirədəki giriş və yekun nitqlərində yer alan  məsələlərin ümumiləşdirilmiş ifadəsi olaraq bildirib ki, ölkə Prezidentinin düşünülmüş və məqsədyönlü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti  ölkəmizin hər bir məsələnin  milli maraqlarımıza uyğun şəkildə çözülməsini təmin edir: “Azərbaycan dövləti  hər zaman bəyan edir ki,  28 il heç bir nəticə hasil etməyən ATƏT-in Minsk  qrupuna ehtiyac yoxdur. Bu fikrin həqiqiliyini əsaslandırmaq üçün Minsk qrupunun həmsədr dövlətləri arasında münasibətlərin hazırkı səviyyəsinə diqqət yetirmək kifayətdir.  Bir-birinə qarşı  etimadsızlıq mühitinin hökm sürdüyü  quruma üzv dövlətlərdən artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı konstruktiv  təklif gözləmək ən yumşaq formada ifadə etməli olsaq sadəlövhlük olardı. Artıq çözülmüş  məsələnin hansı həllindən söhbət gedir ki, ATƏT-in Minsk qrupuna ehtiyac olsun? Bütün bunlar bir daha açıq-aydın göstərir ki, Ermənistan sülh müqaviləsi ilə bağlı konkret addımlar atmalıdır.”