YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dayanıqlı inkişafı təmin edilir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycanın əlverişli iqtisadi-coğrafi, Asiya və Avrоpanın kəsişməsində yerləşməsi, ümumilikdə inkişaf etmiş nəqliyyat, kommunal və istehsal sistemlərinin, əhəmiyyətli faydalı qazıntıları mövcudluğu, ixtisaslı kadr hazırlığı sisteminə, çoxsahəli sənaye kompleksinə malik оlması onun dünya birliyində rolu və yerinə təsir еdir. Aydındır ki, dünyada gеdən gеоsiyasi, iqtisadi və nəhayət, еkоlоji dəyişikliklər əsas şərtlərdən biri kimi çıxış еtməklə dövlətin xarici iqtisadi siyasətində mütləq nəzərə alınan amil rоlunu оynayır.

Məlum olduğu kimi, dünyanı bürüyən maliyyə və iqtisadi böhran müxtəlif ölkələrin iqtisadiyyatında tənəzzülə, müəssisələrin fəaliyyətinin dayanmasına, işsizliyin artmasına gətirib çıxarıb. Maliyyə böhranının törətdiyi fəsadlar iqtisadiyyatın real sektoruna mənfi təsiri gücləndirib, iqtisadi artım templərinin aşağı düşməsinə və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə, istehlakın və tələbatın beynəlxalq miqyasda kəskin enməsinə səbəb olub. Təbii ki, bu, dünyada gedən müharibələr və COVID-19 pandemiyasının ümumdünya iqtisadiyyatına vurduğu zərərlə əlaqəlidir. Qlobal iqtisadi və maliyyə böhranı istisnasız olaraq, bütün ölkələri, o cümlədən Azərbaycan iqtisadiyyatını da ciddi sınaqlarla üz-üzə qoydu. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri respublikamızda ciddi hiss olunmur. Buna təsir edən digər mühüm məqam isə qeyri-neft sektorunun inkişafı və bu sektorda ixrac potensialından istifadənin təkmilləşdirilməsidir. Bundan əlavə qeyd edə bilərik ki, ölkəmizin iqtisadi inkişafının ən vacib məqamı dövlət büdcəsidir. Dövlət büdcəsinin ilbəil artması, səhiyyə, təhsil, əhalinin aztəminatlı təbəqələrinə yardım sahələrinə ayrılan büdcə vəsaitinin mərhələlərlə artırılması milli iqtisadi inkişafın üstün siyasətidir.

Cari ilin iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir sıra mühüm məsələlərə toxunulub ki, bunlardan biri də məhz qloballaşan dünyada iqtisadi durum və Azərbaycanın mövqeyidir. Bununla bağlı Prezident İlham Əliyev bildirib: “İndi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır”.

Beləliklə, beynəlxalq iqtisadi böhranın hələ uzanacağı gözlənilir. Özünün iqtisadi konsepsiyasını, inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlətlər qlobal böhranla mübarizədən qalib, itkisiz çıxacaqlar. Azərbaycanın iqtisadi inkişaf strategiyasının son bir neçə illik nəticələri isə ölkəmizin dünya maliyyə böhranının törədə biləcəyi fəsadlara qarşı uğurla mübarizə aparacağından xəbər verir. Beynəlxalq iqtisadi böhran fonunda Azərbaycan Respublikası iqtisadiyyatının inkişaf potensialının çox böyük olması onun bu prosesdə daim inkişaf etməsinə əsas verir. Bu gün artıq Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı təmin edilir. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirir.