YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2022-ci ilin hesabatında mövqeləri möhkəmlənmişdir

Elman Nəsirov

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor 

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur. “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən (“Gündəlik-2030”) irəli gələn vəzifələrin icrasına başlamışdır. Dünya birliyinin qəbul etdiyi bugünkü və gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd və 169 hədəfdən ibarət “Gündəlik-2030”  cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcıdır. “Heç kimin kənarda qalmaması” prinsipinə söykənən bu gündəliyin milli səviyyədə icrası Azərbaycanda da kompleks islahatların  həyata keçirilməsinə zəmin yaratmışdır. Sözügedən gündəlikdə əks olunmuş qlobal məqsədlərə milli səviyyədə nail olunması yalnız ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə ilə mümkündür. Cənab Prezident İlham Əliyev “...Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük.” sözləri ilə dövlətin bu iradəsini açıq-aşkar nümayişi etdirməklə bərabər, milli inkişaf gündəliymizin əsas prioritetlərini müəyyən edi Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Azərbaycan DİM-dən irəli gələn işlərin reallaşdırılması istiqamətində məqsədyönlü və intensiv addımlar atır. Belə ki, “Gündəlik-2030”-un icra mexanizmlərinin yaradılmasında mühüm addım olaraq 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq  fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır. Görülmüş işlər öz nəticələrini çox gözlətməmişdir. Ötən dövr ərzində ölkəmizdə DİM-lərə nail olunması istiqamətində görülmüş işlərin, o cümlədən 2021-ci ilin iyul ayında Azərbaycan tərəfindən regionda ilk ölkə (dünyada 10 ölkədən biri) olaraq DİM-lərin icrası istiqamətində atılmış addımların yekunu ilə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üçüncü Könüllü Milli Hesabat təqdim edilmişdir. Habelə DİM-lərin həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulmuş, xüsusilə də 2021-ci ilin martında BMT-nin Azərbaycan Nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında  Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanmışdır. Eyni zamanda, DİM-lərin həyata keçirilməsi üzrə beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi diqqətə çatdırılmışdır.

Bundan savayı, ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsinin DİM-lərin məqsəd və hədəflərinə təsirlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmşdır. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə 2020-ci ilə nisbətən ümumi daxili məhsulun (ÜDM) real ifadədə 5,6 faiz, qeyri-neft sektoru 7,2 faiz artmış, ümumilikdə isə pandemiya səbəbindən səngimiş iqtisadi fəallığ 2021-ci ildə bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə müəyyən edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu 10 alt işçi qrupun iştirakı ilə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanmış və onun DİM-lərin məqsəd və hədəflərinə inteqrasiyası təmin edilmişdir. Eyni zamanda, 2022-ci il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində 35 tədbirdən ibarət Fəaliyyət Planının hazırlanmışdır.

Azərbaycanın “Gündəlik-2030”-dan irəli gələn vəzifələrin icrası istiqamətində gördüyü səmərəli işlər müvafiq beynəlxalq hesabatda da yüksək qiymətləndirilmişdir. Belə ki, DİM İndeksi üzrə hesabatda (Sustainable Development Report 2022) Azərbaycan 2021-ci ilin nəticələri ilə müqayisədə 5 pillə mövqyini möhkəmləndirmişdir. Başqa sözlə, 73, 5 bal ilə dünyada 50-ci yerdə qərarlaşmış ölkəmiz son illər ardıcıl şəkildə göstəricilərini artırmışdır. Müqayisə üçün müvafiq göstəricilər 2000-ci ildə 62,73, 2010-cu ildə isə 68, 02 bal təşkil etmişdir. Bütün bu artan dinamikanın nəticəsi olaraq, Azərbaycan  Şimalı Makedoniya, Qazaxıstan və Monteneqro kimi ölkələri geridə qoymuşdur. Ölkəmiz müvafiq yüksək göstəricisi ilə həm Ermənistanı (66-cı yer), həm də Gürcüstanı (51-ci yer) üstələmişdir. Ən maraqlısı isə odur ki, müvafiq indeks üzrə həttta Türkiyə (71-ci yer) və Çin kimi (56-cı yer) nəhəng iqtisadi güc və potensialı olan ölkələr də Azərbaycandan geridə qalmışdır.

Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması postmüharibə dövrünün prioritet məsələsi kimi müəyyən edilmiş və bu prosesdə DİM-lərə müvafiq yer ayrılmşdır. Başqa sözlə, ekoloji tarazlığın qorunması (“yaşıl enerji” konsepsiyası), su ehtiyatlarından səmərəli istifadə, ağıllı şəhər və kənd konsepsiyası, səhiyyə və təhsilə əlçatanlığın təmin edilməsi prioritet vəzifələr kimi icra edilməkdədir. Bu strateji vəzifələrin icrası üçün siyasi iradə, maliyyə-iqtisadi imkanlar, insani resurslar və beynəlxalq tərəfdaşlarların mövcudluğu zəruri şərtlərdir. Bütün bu imkan və potensialın sahibi olan Azərbaycanın DİM-in reallaşdırılması istiqamətində olduqca uğurlu fəaliyyəti ölkəmizə təkcə siyasi və iqtisadi dividentlər gətirmir, həm də onun beynəlxalq nüfuzunu daha da yüksəldir.