YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Venesuelanın müstəqillik günü qeyd edilib

İyulun 5-də Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 211-ci ildönümü və Venesuelanın Silahlı Qüvvələr Günü münasibətilə tədbir təşkil edib.

Əvvəlcə Azərbaycanın və Venesuelanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1811-ci il iyulun 5-i Venesuelanın müstəqillik Bəyannaməsinin imzalandığı gündür.

Diplomat bildirib ki, tədbir ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 27-ci ildönümündə keçirilir və iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Səfir öz çıxışında, Prezident Nikolas Maduro Moros ilə Prezident İlham Əliyevin mövcud dostluq və yüksək səviyyəli siyasi münasibətləri çərçivəsində, iki ölkə arasında əlaqələri möhkəmləndirmək və dərinləşdirmək məqsədilə 2018-ci ildə Bakı şəhərində səfirliyin açıldığını vurğulayıb.

“Bu il iyunun 17-də Prezident Nikolas Maduro Moros kənd təsərrüfatı, nəqliyyat, turizm, rabitə və informasiya, elm və texnologiya, telekommunikasiya nazirləri və Venesuela neft şirkətinin rəhbərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Azərbaycan Respublikasında işgüzar səfərdə olub. Səfər zamanı hər iki prezident iki ölkənin təhsil, turizm, hava nəqliyyatı, kənd təsərrüfatı, energetika, ticarət və digər sahələrdə mühüm irəliləyişlərə nail olmaqla ikitərəfli məsələlərdə həyata keçirilən bütün məsələləri nəzərdən keçiriblər”, - deyə Kristofer Berroteran diqqətə çatdırıb.

Venesuela parlamentinin yüksək səviyyəli nümayəndə heyətinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etdiyini deyən səfir, Azərbaycan hökumətinə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Əlavə edib ki, bu səfər çərçivəsində Venesuela-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb və Venesuela tam konsensusla Latın Amerikası və Karib Qrupu tərəfindən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədr müavini seçilib.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov tədbirdə çıxış edərək Venesuela xalqını və hökumətini təbrik edib.

Venesuela Bolivar Respublikası Prezidenti Nikolas Maduro Morosun rəhbərlik etdiyi hökumət üzvlərindən ibarət geniş nümayəndə heyətinin Azərbaycana səfərini xatırladan nazir müavini ölkə rəhbərləri arasında keçirilmiş görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, iqtisadi əlaqələrin genişlənməsi və biznes dairələri arasında birgə iş birliyinin zəruriliyindən danışıb. Bu səfərin Azərbaycanla Venesuela arasında qarşılıqlı faydalı əməkdaşlığın və dost əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.

Qoşulmama Hərəkatı üzvləri olan Azərbaycan və Venesuela arasında yüksək səviyyəli əməkdaşlığı xüsusi qeyd edən Elnur Məmmədov Hərəkata sədrlik dövründə təşkilat çərçivəsində Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərdə və qaldırılan məsələlərdə, eləcə də Azərbaycanın sədrliyinin 2023-cü ilədək uzadılması məsələsində dost Venesuelanın öz dəstəyini əsirgəmədiyini vurğulayıb.

Qeyd olunub ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı çərçivəsində keçirilmiş seçkilərdə Venesuela Bolivar Respublikasının Milli Assambleyasının sədri Xorxe Rodriges Şəbəkənin Latın Amerikası regionuna sədr müavini vəzifəsinə seçilib.

Tədbirdə digər rəsmi şəxslər, həmçinin xarici ölkələrin ölkəmizdəki səfirləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.