YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində beş Xəzəryanı dövlət başçıları arasında çoxsaylı görüşlər keçirilib, yaradılmış işçi qrupları çox səmərəli və işgüzar fəaliyyət göstəriblər. 2018-ci ildə Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair tarixi əhəmiyyət kəsb edən Konvensiya imzalandı. İmzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən etdi. Konvensiyanın qüvvəyə minməsi ilə Xəzəryanı dövlətlərin hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığa yönəlmiş təsirli tədbirlər görülməsi üçün hüquqi zəmin yaranacaq. Xəzər dənizində təhlükəsizlik, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və bir çox maraq doğuran sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzər dənizinin dibinin sərhədləri barədə də ikitərəfli və çoxtərəfli formatda sazişlər bağlanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 26-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış etdi. Ölkə başçımız çıxışında Xəzəryanı  ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı  çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili olduğunu qeyd etmişdir.

Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsi  bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi üçün çox səmərəli nəqliyyat infrastrukturuna malikdir.

Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə Azərbaycan ərazisindən keçən yük daşımaları hər il artmaqdadır. Prezident cənab İlham Əliyevin müəllifi olduğu böyük iqtisadi platformanın bir hissəsi olan Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Beynəlxalq iqtisadi əhəmiyyətə malik bu limanın istifadəyə verilməsi Xəzər dənizində logistika infrastrukturuna Azərbaycanın vacib bir töhfəsidir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağının yaranmasına səbəb olmuşdur. Zəngəzur dəhlizi region dövlətlərilə yanaşı Avropanı Asiya ilə birləşdirən ən səmərəli marşrut dəhlizi olacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi tranzit ölkə kimi Azərbaycana mənfəət gətirməklə yanaşı digər dövlətlər üçün də iqtisadi baxımdan çox səmərəli marşrut xətti olacaq.

Bu gün Azərbaycan istər Xəzərdə nəqliyyat logistika infrastrukturunu, istərsə də Zəngəzur avtomobil və dəmir yolu dəhlizini yaratmaqla dünyada iqtisadiyyatın inkişafına böyük töhfə verəcək.