Xəbərlər
Prezident İlham Əliyev Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasimdə iştirak edib
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Təntənəli mərasimə 21 dövlətin başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Mehmetçik” abidəsinin önünə xatirə əklili qoyması ilə başladı. Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz isə abidənin önünə ittifaq dövlətləri adından çələng qoydu.
Çanaqqala savaşlarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra yaylım atəşləri açıldı, Türkiyə Respublikasının dövlət himninin sədaları altında türk bayrağı səmada dalğalandı.
Çanaqqala savaşlarında həlak olanların ruhuna Qurani-Kərimdən ayə oxundu.
Sonra Türkiyə Diyanət İşləri başqanı Mehmet Görmez Çanaqqalada şəhid olanların ruhuna dua oxudu, bəşəriyyətə sülh və qardaşlıq arzularını çatdırdı.
Xristian din xadimi də savaşda həlak olanların ruhuna dua etdi.
İttifaq dövlətləri adından çıxış edən Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz Çanaqqala savaşında bir çox millətlərin nümayəndələrinin iştirak etdiyini vurğuladı. 1915-ci ildə baş verən bu döyüşdə minlərlə insanın öz ailə və doğmalarını geridə qoyaraq buradakı dəhşətlərə sinə gərdiyini, saysız qəhrəmanlıq nümunələri göstərdiklərini deyən Çarlz bu savaşın tarixə alicənab savaş kimi düşdüyünü diqqətə çatdırdı. Çanaqqala döyüşünün dünya miqyasında ciddi dəyişikliklərə səbəb olduğunu deyən şahzadə Çarlz nifrəti və dözümsüzlüyü aradan qaldırmaq üçün bundan sonra da bütün insanların üzərinə ciddi vəzifələrin və məsuliyyətin düşdüyünü bildirdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, mərasimin keçirildiyi Gelibolu yarımadası Birinci Dünya müharibəsinin ən vacib cəbhələrindən biri olub. “Çanaqqalada yaşanan savaş türklərin və bu müharibədə iştirak edən millətlərin taleyini müəyyən etdi”, - deyən Ərdoğan bildirdi: “Bizim üçün Çanaqqala zəfər rəmzidir, eyni zamanda, itkilərimiz baxımından bir hüzn ifadəsidir”. Türkiyə Prezidenti bu torpaqlarda yüzlərlə gəncin gələcəyinin dəfn olunduğunu diqqətə çatdırdı. İndi dünyanın əmin-amanlığa böyük ehtiyacının olduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan şəhidlərin əziz xatirəsi naminə yer üzündə sülhün bərqərar olması üçün bütün dövlətlərin əllərindən gələni etmələrinin vacibliyini vurğuladı.
Çıxışında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Uzaq diyarlardan övladlarını hərbə göndərən analar, göz yaşlarınızı dayandırın. Övladlarınız bizim bağrımızda hüzur içindədir. Onlar bu torpaqlarda canlarını verdikdən sonra artıq bizim övladlarımız olublar” sözlərini sitat gətirən Rəcəb Tayyib Ərdoğan bu torpaqlar uğrunda canını qurban verən bütün gənclərin xatirəsini bir daha ehtiramla yad etdi. Bildirdi ki, gələcək nəsillər Çanaqqalada əldə olunan müqəddəs amalları qorumalıdır. Çanaqqala dostluğun, sevginin və sülhün örnəyinə çevrilməlidir.
Sonra dünyanın müxtəlif ölkələrindən olan, fərqli dillərdə danışan uşaqlardan təşkil edilən xorun ifasında türk, fransız və ingilis dillərində “Sülhün səsli nəğməsi” oxundu.
Türkiyə Silahlı Qüvvələrinin “Mehteran” orkestri də öz çıxışlarını nümayiş etdirdi.
Daha sonra Türkiyə Silahlı Qüvvələrinin bölükləri də daxil olmaqla ittifaq dövlətlərinin hərbi birliklərinin fəxri keçidi oldu.
Dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə “Şəhidlik dəftəri”ni imzaladılar.
Mərasimin ən maraqlı anlarından biri dənizdə Türkiyə, İngiltərə, Fransa, Avstraliya və Yeni Zelandiya hərbi gəmilərinin keçidi oldu. Bunun ardınca “Türk yıldızları” səmada nümunəvi manevrlər etdilər.
Xatırladaq ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verib. İttifaq üzvləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazları idarə etmək hüququnu özlərində saxlamaq istəyirdilər. Lakin onlar türk xalqının dəmir iradəsini sarsıda bilmədilər. Səkkiz ay davam edən və böyük itkilərin qeydə alındığı döyüşlərdə məğlub olan ittifaq dövlətləri geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüş məhv olmaq vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi əfsanələşdi və Çanaqqala zəfəri adı ilə tarixə düşdü. Türklər bu qanlı mübarizədə 250 mindən çox şəhid verdilər. Bir o qədər hərbçi itirən müttəfiq qüvvələr üçün isə bu döyüş hərbi fəlakət rəmzi kimi qiymətləndirilir.
Çanaqqala zəfərinin əldə olunmasında azərbaycanlılar da yaxından iştirak ediblər və üç mindən çox soydaşımız şəhidlik zirvəsinə ucalıb.