YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan işğaldan azad edilmiş ərazilərində ən müasir şəhər və kənd planlaşdırılmasını həyata keçirir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Bu gün bütün dünyada sənayeləşmə və iri sənaye şəhərlərinin sürətlə böyüməsi prosesləri davamlı olaraq ciddi problemlərin, o cümlədən ən müxtəlif ekoloji fəsadların meydana çıxmasına yol açır. Məhz bu problemlərlə birgə mübarizə üsullarının işlənib hazırlanması məqsədilə BMT-nin Yaşayış Məskənləri Proqramı tərəfindən hər iki ildən Ümumdünya Şəhər Forumu keçirilir. Bu il də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası Polşada keçirilir. Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edib.

Məlumdur ki, Azərbaycan artıq uzun illərdir ki, dünya birliyinin tamhüquqlu və ən fəal üzvlərindən biri kimi çıxış edir. Ən mötəbər beynəlxalq qurum və təşkilatlarda ölkəmiz yüksək səviyyədə təmsil olunur. Dövlətimizin başçısı da öz çıxışında qeyd etdi ki, bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu münasibətlə mart ayında Azərbaycanın mədəniyyət paytaxtında, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir keçirilib. Həmin tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində ölkəmizdə əldə olunan nailiyyətlər, həmçinin azad olunmuş ərazilərin dirçəldilməsi və oraya normal həyatın yenidən qaytarılması ətrafında müzakirələr aparılmışdır.

Həmçinin Prezident İlham Əliyev sessiyadakı çıxışında qeyd etmişdir ki, bu gün “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” kimi konseptual proqramlar şəhərlərimizin daha yaxşı və təhlükəsiz gələcəyini təmin etmək üzrə birgə səylərin istiqamətləndirilməsi baxımından çox önəmlidir. Həqiqətən də bu gün ölkəmizdə şəhərlərimizin yenidən qurulması və müasirləşdirilməsi istiqamətində böyük həcmdə işlər görülür. O cümlədən dünyanın ən gözəl şəhərlərindən biri hesab olunan paytaxt Bakının infrastrukturu tamamilə yenilənməsinə rəğmən, şəhərin tarixi siması da qorunub saxlanılıb.

Təbii ki, bu gün Azərbaycanda dayanıqlı şəhər inkişafı mövzusu ölkəmizin Ermənistanın 30 illik işğalına son qoymasından sonra daha aktual olub. İşğal dövründə Ermənistan Azərbaycanın 9 şəhər və yüzlərlə kəndini viran qoyaraq, tamamilə yer üzündən silib. Mədəni, dini və tarixi abidələrimizə qarşı vandallığın indiyədək misli görünməmiş səviyyələrində münasibət nümayiş etdirən erməni qəsbkarları 30 il ərzində bu torpaqlarda talançılıq və dağıdıcılıqla məşğul olublar. Xarici jurnalistlər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırmaqla erməni faşizminin cinayətlərini təsdiq ediblər.

Lakin bütün bunlar artıq keçmişdədir. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işləri aparır. Eyni zamanda da ölkəmiz Cənubi Qafqazda yaratdığı yeni reallıqların verdiyi geniş imkanlardan bütün qonşu dövlətlərin də faydalanmasını istəyir. Dövlətimizin başçısı öz çıxışında bir daha bəyan etdi ki, hətta Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Çünki yalnız sülh müqaviləsi Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirə bilər. Əlbəttə ki, Azərbaycanın bu məqsədlə irəli sürdüyü 5 əsas prinsiplərin Ermənistan tərəfindən bir müddət əvvəl qəbul olunması mütərəqqi bir haldır. Lakin təəssüflər olsun ki, bundan sonra hələ ki, heç bir irəliləyişə nail olunmayıb. Əksinə Ermənistan hökuməti indiyədək hələ də mina xəritələrini Azərbaycana təqdim etməməklə özünün bədməramlı niyyətlərini aşkar etmiş olur. Hərbi əməliyyatların başa çatmasından artıq ilyarım keçsə də, ermənilərin Azərbaycan ərazilərində basdırdıqları minalar hələ də insanların həyatına son qoymaqdadır. Ermənistan bu yolla bir vaxtlar dədə-baba torpaqlarından qovduqları azərbaycanlıların öz yurdlarına qayıtmalarını ləngitməyə çalışır. Nəticədə isə, Vətən müharibəsi başa çatdıqdan sonra mina partlamalarında 220 nəfərdən artıq Azərbaycan vətəndaşı həlak olub. Əlbəttə ki, bu hərbi cinayətdir və bu cinayətlərə görə rəsmi İrəvan mütləq cavab verməlidir. Lakin bütün bunlar heç bir halda Böyük qayıdışın əngəllənməsinə səbəb ola bilməz. Məcburi köçkün vətəndaşlarımızın öz torpaqlarına qayıdışlarının ilk pilot layihəsi də artıq Zəngilanın Ağalı kəndində uğurla reallaşdırılıb. İşğaldan azad edilmiş ərazilərdə ən müasir şəhər planlaşdırılmasını həyata keçirən, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edən Azərbaycan bu gün Ağalı kəndinin timsalında dünyaya ən müasir ağıllı kəndi təqdim edib.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşa edir və bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına həyata keçirilir.