YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət davam etdirilir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Bahadurov Anar Süleyman oğlunun 30-cu doğum günü qeyd edilib.

Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində təşkil olunan anım mərasimində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

Mərasimdə Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Azərbaycanın döyüş meydanında əldə etdiyi Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, şəhid ailələri və qazilər həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Abşeron rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.

Sonra çıxış edən şəhid Anar Bahadurovun atası Süleyman Bahadurov, anası Zeynəb Bahadurova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev və digərləri xalqımızın qazandığı Qələbədən, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, igidlərimizin qəhrəmanlıqlarından danışıblar.

Şəhid ailələri ölkəmizdə onlara göstərən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Sonda incəsənət nümayəndələrinin və Mədəniyyət Mərkəzinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər Vətənə, Qələbəyə aid şeirlər səsləndiriblər.

Abşeron rayonunda həmçinin, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup Vətən müharibəsi, eləcə də I Qarabağ müharibəsi qaziləri üçün bayram süfrəsi açılıb.

Bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi Qələbə qazanıb. Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimiz, sağlamlıqlarını bu yolda qoyan qazilərimiz hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunublar.

Qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.