YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan və Azərbaycan prezidentlərinin imzaladığı siyasi Bəyannamə dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırmış oldu

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu Öndər haqqında dərin məlumata malik olması və görüş zamanı yüksək fikirlər söyləməsi, Özbəkistanla Azərbaycanın ikitərəfli münasibətlərinin inkişafı üçün iyirmiyədək sənədin imzalanması, Daşkənddə Heydər Əliyev Meydanının açılması dövlətlərimiz arasında strateji müttəfiqliyi daha yüksək səviyyəyə qaldırması baxımından tarixi əhəmiyyət daşıyır.

Mahiyyətcə Özbəkistanla Azərbaycan arasında gələcək fəaliyyətin yol xəritəsi kimi çox qlobal xarakter daşıyan, strateji tərəfdaşlığın dərinləşdirilməsini, dövlətlərimiz arasında qarşılıqlı fəaliyyətin və hərtərəfli əməkdaşlığın genişləndirilməsini şərtləndirən siyasi Bəyannamə xüsusi əhəmiyyətə malikdir. Bəyannamənin iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcəyini, əməkdaşlıq üçün yeni imkanlar yaradacağını əminliklə söyləyə bilərik.

Daşkənddə Heydər Əliyev Meydanının açılması, Özbəkistan Prezidentinin Ulu Öndər barədə söylədiyi fikirlər qardaş ölkədə Azərbaycan xalqına, onun ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu gözlər önünə sərir. Eyni zamanda Azərbaycanla Özbəkistanın əməkdaşlıq etdikləri BMT, İƏT, TDT kimi beynəlxalq platformalarda Özbəkistanın Azərbaycanın Qarabağla bağlı haqq işini həmişə dəstəkləməsini Azərbaycan xalqı da hər zaman yüksək qiymətləndirmişdir.

Möhtərəm Prezidentimizin çıxışı zamanı qeyd etdiyi kimi, dövlətlərimiz arasında qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsi ölkələrarası münasibətləri daha da möhkəmləndirəcək, daha sıx əməkdaşlıq və qarşılıqlı dəstək olacağına gətirib çıxaracaq. Qardaş ölkələrin liderlərinin siyasi iradəsi, yeni investisiya layihələri, nəqliyyat-loqistika istiqamətləri, kənd təsərrüfatı istiqamətində əməkdaşlıq və s. nəticəsində yaradılacaq iqtisadi-siyasi baza Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının ehtiyacı olduğu sülhə və sabitliyə zəmin yaradacaq. Bu, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar açacaq.

44 günlük vətən müharibəsində möhtərəm Prezidentimiz, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin iradəsi, Şəhid və Qazilərimizin canı və sağlamlığı bahasına əldə etdiyimiz Zəfər dövlətlərarası münasibətlərin qurulmasında hərbi və hərbi-texniki sahədə də əməkdaşlığa prioritet qazandırmışdır. Təbii ki, dövlətlərimizin yerləşdiyi regionlarda təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hərbi-texniki sahədə təcrübə mübadiləsi, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlanılması günün vacib tələblərindəndir.

Özbəkistan və Azərbaycan prezidentlərinin imzaladığı siyasi Bəyannamə mahiyyət etibarilə iki ölkənin dövlətlərarası münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmış oldu. Möhtərəm Prezidentimizin çıxışı zamanı qeyd etdiyi kimi, keçirilmiş görüşlər və imzalanmış sənədlərlə bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyətinin yüksəldilməsi, xarici siyasət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə və mədəniyyətlə bağlı məsələlərdə sözün geniş mənasında gələcək aktiv qarşılıqlı fəaliyyətin əsasının qoyulması nəzərdə tutduğumuz işlərin hamısının yerinə yetiriləcəyinə əminlik yaradır.