YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq tarixə, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri 1996-cı ildə baş tutub. Səfər çərçivəsində iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlər Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

Azərbaycan Prezidentinin 1997-ci ildə Özbəkistanın paytaxtı Daşkəndə səfəri isə iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi kimi qiymətləndirmək olar. Səfər çərçivəsində rəsmi Bakı və Daşkənd arasında 19 sənəd imzalanıb.

Azərbaycan-Özbəkistan cari münasibətlərinin strateji istiqamətləri məhz sözügedən səfərlər zamanı müəyyən edilib.

2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə ölkələr keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini bildiriblər. Təsadüfi deyil ki, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.

Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olub. 1930-cu illərindəki “Qırmızı terror” zamanı on minlərlə azərbaycanlı Mərkəzi Asiya ölkəsinə sığınıb. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər. Vurğulamaq lazımdır ki, rəsmi Daşkənd keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş eyni qurumun VIII Zirvə Görüşündə isə Özbəkistanın dövlət başçısı ölkəsinin vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini açıqlayıb. Yeri gəlmişkən, artıq bu istiqamətdə işlərə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı 19 sənədin imzalanıb. Bu səfər 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşür. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı keçirilən görüşlərdə dövlət başçıları qarşılıqlı ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsini müzakirə ediblər.

Bundan başqa, Prezidentlər beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi apararaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini də müzakirə ediblər.