YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan münasibətləri: Əsl qardaşlıq və dostluq nümunəsi, strateji müttəfiqliyin yeni mərhələsi

Eldar İbrahimov

Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, professor

“…Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz…”

Bu fikirlər Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçımız bu fikirləri qardaş və dost Özbəkistana son dövlət səfəri zamanı bu ölkənin Prezidenti Şavkat Mirziyoyev tərəfindən onun şərəfinə təşkil edilən qəbulda çıxış edərkən dilə gətirdi.

Cənab İlham Əliyev nitqinə davam edərək, bildirdi ki, bu gün yeni Özbəkistanı özü üçün kəşf etdi.

O, “Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız – özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq”-deyərək, fikirlərini tamamladı.

Qeyd edək ki, ölkə Prezidentinin qardaş və dost Özbəkistana səfəri tarixi hadisə olmaqla yanaşı, həm də strateji müttəfiqliyimizin yeni mərhələsiddir.

Soyu-kökü, dil-dini, tarixi-keçmişi, dəyərləri eyni, ortaq olan xalqlarımız, qardaş və dost Azərbaycan və Özbəkistan minilliklər, əsrlər boyu gözəl və isti münasibətlərə malik olublar.

İki xalq və dövlət arasında münasibətlər bütün zamanlarda daim hamar, rəvan olub, qardaşlıq və dostluq münasibətlərinə dayanıb.

Düzdür, müstəqilliyimizin ilk illərində keçmiş hakimiyyətin səhvi üzündən iki qardaş və dost dövlət arasındakı münasibətlərdə gərginlik müşahidə olunsa da, hər iki xalqın taleyində müstəsna xidmətlərə malik liderlər-Ümummilli Lider Heydər Əliyev və mərhum İslam Kərimovun uzaqgörən, müdrik siyasəti, bir-birinə olan qarşlıqlı etimadı, hörməti nəticəsində qısa zamanda münasiblər normallaşaraq, özünün yüksək səviyyəsinə qalxdı.

Məhz elə bunun nəticəsi idi ki, Özbəkistan uzun illər Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan işğalçı və təcavüzkar Ermənistanla siyasi və diplomatik münasibətlər qurmayan 3-4 əsl dost və qardaş ölkədən biri oldu.

Eyni zamanda, bununla kifayətlənməyərək, qardaş və dost Özbəkistan daim bütün platformalarda, bütün müstəvilərdə Azərbaycana açıq, birmənalı dəstəyini ifadə etdi.

Uzun illərdir Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupuna rəhbərlik edən bir şəxs kimi özüm bunun canlı şahidiyim.

Özbəkistan istər dövlət, istər hökumət, istərsə də parlament səviyyəsində hər zaman Azərbaycana, ərazi bütövlüyü məsələsinə birmənalı, prinsipial mövqeyi ilə seçilmişdir.

Xüsusilə, tarixi 44 günlük İkinci Vətən Müharibəsi zamanı bir daha açıq mövqeyini ortaya qoyaraq, Azərbaycana dəstəyini nümayiş etdirmiş və Azərbaycanı Qələbə münasibəti ilə təbrik edən ilk dövlətlərdən biri olmuşdur.

Əsl qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi!

Bununla yanaşı, Azərbaycan da hər zaman bütün məsələlərdə qardaş və dost Özbəkistanın yanında olmuş, ona öz dəstəyini ifadə etmişdir.

Bəli, bu gün Fəxr və Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanla Özbəkistan arasında olan qardaşlıq, dostluq və müttəfiqlik münasibətləri dünyada analoqu, bənzəri, təkrarı olmayan münasibətlərdəndir.

Ölkə Prezidenti cənab İlham Əliyevin son səfəri ilə də bu münasibətlərdə yeni mərhələyə start verildi, münasibətlər ən üst səviyyəyə qaldırıldı.

Səfər zamanı hər iki ölkənin liderləri arasında məhdud və geniş tərkibdə görüşlər oldu, görüşlərdən sonra çox mühüm əhəmiyyətə malik və 20-yə yaxın sənəd, saziş imzalandı, birgə bəyanatlar verildi.

Təbii ki, ən mühüm sənəd hər iki Liderin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” oldu.

Bununla bir daha iki dost və qardaş ölkə arasında olan yüksək səviyyəli münasibətlər özünün ən ali, ən üst səviyyəsinə qaldırıldı.

 Sənədlərin imzalanması mərasimindən sonra bəyanatla çıxış edən Özbəkistan Prezidenti “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik”-deyə, bəyan etdi.

Azərbaycan Prezidenti cənan İlham Əliyev isə mətbuat üçün bəyanatında “Bu gün Bəyannamə imzalandı. Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var”-deyərək, bildirdi ki,  ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi vurğulamaq gərəkdir.

Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər.

Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir.

Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq.

Son səfər buna daha bir sübutdur.

Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminik ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək.

Səfər zamanı ölkə Prezidenti Daşkənddə Heydər Əliyev Meydanının açılışında iştirak etdi, eləcə də  Ürgənc və Xivə şəhərlərində oldu, qardaş ölkənin Prezidenti ilə tarixi yerləri, o cümlədən  “Nurullaboy” saray kompleksini və 1920-ci ildə yaradılan, 1990-cı ildən isə UNESCO-nun maddi mədəni irs siyahısına daxil edilən İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyini ziyarət etdi.

Bununla yanaşı, hər iki Lider  “Kuksaroy” dövlət iqamətgahında Fəxri qonaqlar xiyabanında ağac əkdilər.

Heydər Əliyev meydanının açılışında çıxış edən Özbəkistan Prezidenti bildirdi ki, bir an və əbədiyyət öz aralarında ayrılmaz şəkildə bağlı olduğu kimi, Heydər Əliyevi də Azərbaycan xalqının tarixindən və onun həyatından ayırmaq olmaz.

“Heydər Əliyev əsl vətənpərvər idi. Onun adının özü rəmzi məna daşıyır. Məlum olduğu kimi, Heydər “bələdçi” deməkdir. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi”-deyən Özbəkistan Prezidenti onu da bildirdi ki, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi.

Vurğuladı ki, bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb.

Özbəkistan Prezidenti “Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik. Bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha səmimi qəlbdən təbrik edirəm”-deyərək, son illərdə birgə səylər sayəsində sözügedən ölkə ilə Azərbaycanın münasibətlərinin yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, konkret məzmun kəsb etdiyini də sözlərinə əlavə etdi.

“Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq”-deyən Azərbaycan Prezidenti isə qeyd etdi ki, Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir.

Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik.

Bəli, hər iki qardaş və dost ölkə iki müdrik Liderin fəaliyyəti nəticəsində günü-gündən inkişaf, tərəqqi edir və çikçəklənir.

Bəli, hər iki Liderin uzaqgörən siyasəti nəticəsində iki qardaş və dost dövlət arasında münasibətlər inkişaf edir və bundan sonra daha da inkişaf edəcək, əldə edilən birgə uğurlar və nailiyyətlər bundan sonra daha da çox olacaq.

Biz bundan sonra da birlidə hələ çox uğurlara, nailiyyətlərə imza atacağıq və bunlara da baxib birgə sevinəcəyik!

Qarabağın bərpası işində qardaş köməyinə görə, Özbəkistan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkür bildirmək istərdik.

Məlum olduğu kimi, artıq bu istiqamətdə işlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan Prrzidentinin də bəyan etdiyi kimi, biz bunu çox yüksək qiymətləndiririk.

Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir.

Dövlət başçımız “Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi”-deyərək, bəyan etdi ki, bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Bəli, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan qardaşlığı və dostluğuna kimsə mane, əngəl ola bilməyəcək.

Heç bir güc, heç bir kənar qüvvə bu münasibətləri sarsıtmağa, pozmağa nail ola bilməyəcək və bu yöndə də hansısa cəhdlər olarsa, hər zaman olduğu kimi, fiaskoya uğrayacaq.

 Yaşasın Azərbaycan-Özbəkistan, Özbəkistan və Azərbaycan birliyi, qardaşlığı!

DİGƏR Xəbərlər Arxiv