YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Prezident İlham Əliyevin Özbəkistan səfəri ölkələrimiz arasındakı münasibəti yeni mərhələyə qaldırdı

“Prezident İlham Əliyevin Özbəkistan səfəri ölkələrimiz arasındakı münasibəti yeni mərhələyə qaldırdı. Bildiyimiz kimi, Azərbaycanı və Özbəkistanı bir-birinə bağlayan kifayət qədər ortaq məqamlar var. Xalqlarımız arasında həm tarixən, mədəni baxımından, həm ortaq dəyərlər, həm də ortaq din və dil baxımından ciddi bağlılıq mövcuddur. Sovet İttifaqı dövründə də ulu öndər Heydər Əliyev Özbəkistana xüsusi diqqət göstərib. Düşünürəm ki, Daşkəndin mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş meydanın açılışı özbək xalqının və Özbəkistan dövlətinin Azərbaycan xalqına və dövlətinə, həmçinin Ulu Öndərin xatirəsinə böyük hörmətinin göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəbin inşa edilməsi qardaş dövlətin həm də Azərbaycanın ərazi bütövlüyünə və Qələbəsinə növbəti dəstəyinin ifadəsidir. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərib və bütün beynəlxalq platformalarda ölkəmizi dəstəkləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Bu sənədlər ölkələrimiz arasında mövcud olan möhkəm əməkdaşlığa yeni töhfələr verəcək və dövlət başçılarının qarşıya qoyduğu hədəflərə çatmaq üçün mühüm rol oynayacaq.

“Fikrimcə, qalib və regionun lider dövləti olan Azərbaycanla qarşısına yeni hədəflər qoyan və güclənən qardaş Özbəkistan dövlətinin əməkdaşlığı bütövlükdə regionun inkişafına mühüm töhfələr verəcək. Xüsusi olaraq bir məqama da diqqəti də cəlb etmək istərdim. Bu da qardaş Özbəkistanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə xüsusi diqqəti və sevgisidir. Bu məqam, həmçinin Prezident İlham Əliyevin dünya miqyasında tanınan və hörmət edilən Lider olmasının növbəti göstəricisidir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.