YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordun varsa, yurdun da var

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Ordu, bəşəriyyət yaranandan, insan oğlunun, “dövlət” deyilən və təyinatı, ərazisində yaşayan insanların hüquq və azadlıqlarını təmin edən təsisatı daxili və xarici təhdidlərdən qoruyan, bir millətin və dövlətin milli kimliyini  xarakterizə edən ən mühüm ünsürdür.  

Nahaq deyilməyib ki, “Ordun varsa, yurdun da var”. Azərbaycan adlı coğrafiyada müxtəlif dövrlərdə, müxtəlif  sərhəd və adlar altında  dövlət qurumları  mövcud olsa da, müasir, sivil  dəyərlərə  malik  və  əhatə etdiyi coğrafiyanın adını daşıyan dövlət olmayıb. Yalnız çar imperiyasının dağılması  və bu fürsətdən yararlanılması nəticəsində 1918-ci ildə, tarixdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətin təməli  qoyulub.  Çox qısa ömrünə - cəmi 23 ay yaşamasına - baxmayaraq  bu  Cümhuriyyət, böyük nailiyyətlər əldə edib ki, bu nailiyyətlərdən biri də, elə həmin  ildə, iyun ayının 26-da,  ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan korpusunun yaradılması olub.

Doğrudur, çox keçmədən baş verən xarici müdaxilə, Sovet işğalı və dövlətçiliyimizin süqutu nəticəsində - 1920-ci ildə ləğv edilsə də, bu ordu, qısa ömrünə rəğmən,  Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından azad etməkdə, milli hökumətə qarşı  qiyamları yatırmaqda böyük rol oynayıb.   

Yalnız 73 il keçdikdən və Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa edildikdən sonra, 1991-ci il oktyabrında Azərbaycan Ali Soveti  milli ordunun yaradılması haqqında qanun qəbul edib və həmin qanunun qəbul edildiyi 9 oktyabr  tarixi “Silahlı Qüvvələr” günü elan edilib. Lakin bu qanunun qəbul edilməsinə baxmayaraq, o dövrdə Respublikaya rəhbərlik edən Mütəllibov hökuməti, onun həyata keçirilməsi üçün heç bir səy göstərmədi ki, bu da gözlənilən idi. Çünki, bu rejim cəmisi 7 ay əvvəl, Azərbaycanda SSRİ-nin saxlanması – sadələşdirilmiş şəkildə ifadə etsək - ölkəmizin müstəqil olmaması üçün saxta referendum keçirmiş,  tarixin təkərini  geri çevirməyə çalışan 1991-ci il avqust qiyamını dəstəkləmiş bir rejim idi. Ermənistanın gündən-günə artan təcavüzü qarşısında ordu quruculuğunun gecikdirilməsi, ölkəmizə sağalmaz yaralar vumaqla, minlərlə vətən övladının şəhadəti, yurd yuvasından didərgin düşməsi ilə müşaiyət olunurdu. Bu rejimi əvəz edən AXC-Müsavat tandemi dövründəki hərbi hissələrin müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilməsi, vəziyyəti daha da pisləşdirməklə daha çox şəhər və kəndlərimizin işğalına, silahlı birləşmələrlə separatçı qüvvələrin manipulyasiyasına şərait yaratmışdı.  

Yalnız Ümumilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından – 1993-cü ildən sonra -vəziyyət dəyişməyə başlamış, yarımhərbi, başıpozuq dəstələr buraxılmış, nizami ordu yaradılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanmışdı. 1998-ci il may ayının 22-də tarixi ədalət bərpa edilmiş, Azərbaycanın ilk Milli Hökumətinin Milli Ordu yaradılması barədəki qərarının tarixi -  26 iyun, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdi.

Çar hökuməti dövründə olduğu kimi, Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı siyasət dəyişməmişdi. Doğrudur, əvvəlki dövrdən fərqli olaraq, Sovetlər dövründə, azərbaycanlılar hərbi xidmətə çağırılsalar da, onların hərb sənətinə yiyələnməsinə, peşəkar azərbaycanlı hərbçilərin yetişdirilməsinə rəğbətlə yanaşılmır, slavyan mənşəli hərçilərlə digər millətlərin nümayəndələri arasında ayrı-seçkiliyə yol verilirdi ki, bunu Sovet ordusu sıralarında xidmət etmiş hər bir insan təsdiq edə bilər. Təsadüfi deyil ki, bu yaxınlarda Ukrayna tele-kanallarının birinə müsahibə verən və vaxtilə Sovet ordusu sıralarında xidmət etmiş hərbi analitiklərdən  biri,  Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi şücaət və peşəkarlığa heyranlığını ifadə edərkən, Sovet ordusunda azərbaycanlılara olan bu münasibəti etiraf etmiş və Azərbaycanda, o qədər də çox  olmayan  bir zaman kəsiyi ərzində, belə bir peşəkar ordu və zabit heyəti yaradıla bildiyinə  təəccübünü  gizlətməmişdi.  

Bəli, Azərbaycan Ordusu, azərbaycanlılar haqqında formalaşdırılmış  yanlış stereotipi, obrazı öz rəşadəti, vətənpərvərliyi, motivasiyası, peşəkarlığı və intizamı ilə darmadağın etdi. Lakin bu nəticələrin heç biri öz-özünə, təsadüfən əldə edilməmişdi. Təməli, hələ  70-ci illərdən atılmağa başlayan və  onillər sonrası üçün hesablanmış bu müdrik siyasətin – milli hərbi kadrların hazırlanması siyasətinin banisi Ümumilli Liderimiz Heydər Əliyev idi.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 70-ci illərdə Sovet İttifaqında cəmi iki hərbi məktəb - Suvorov və Naximov adına  hərbi  məktəblər  fəaliyyət göstərirdi və çeşidli səbəblərdən azərbaycanlıların o hərbi məktəblərdə təhsil almasına, ixtisaslı və peşəkar hərbçi kadrlar kimi yetişməsinə maneələr törədilirdi. Azərbaycanlı gənclərin Xalq Təsərrüfatının bütün sahələrində qabaqcıl biliklərə nail olmasını  hədəfləyən  H.Əliyevin ilk təşəbbüslərindən biri azərbaycanlıların hərb sənətinə də yiyələnməsini asanlaşdırmaq üçün Bakıda hərbi məktəbin yaradılması olmuşdur. SSRİ Müdafiə Nazirliyi onun bu təşəbbüsünə qarşı çıxsa da, H.Əliyevi fikrindən daşındıra bilməmiş, Ümumilli Lider, alternativ bir yol seçərək, 1971-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə, Təhsil Nazirliyinin tabeliyində olan 2 saylı 8 illik internat məktəbinin bazasında hərbi məktəbin – bu günkü  C.Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmuşdu. Bundan sonra bu məktəbin bağlanması üçün Moskva tərəfindən  çeşidli  bəhanələrlə silsilə  yoxlamalar təşkil edilməsinə baxmayaraq, xalqımızın müdrik oğlu öz qətiyyətindən dönməmiş, məktəbin yaşamasına, peşəkar və səriştəli hərbi kadrlar yetişdirməsinə və illər sonra qazanılan tarixi zəfərimizdə həlledici sözünü deməsinə zəmin yaratmışdır.

Bizim Konstitusiyamızın 158 maddəsi var və bu Konstitusiya qəbul edildiyi gündən bu günədək, bütün maddələri icra edilib və edilməkdədir. İcrası yubanan yeganə maddə Konstitusiyanın 11-ci maddəsi - yəni ərazi bütövlüyümüzün bərpası idi ki, bunu da müzəffər ordumuz öz Ali Baş Komandanının sərkərdəliyi altında 44 günlük savaşda uğurla həyata keçirdi. Bu hadisə və onun nəticələri əslində dövlətimizin bu illər ərzində ordu quruculuğu sahəsində apardığı siyasətin inikası idi. Həm maddi-texniki təchizat, həm yüksək standartlara söykənən təlim və peşəkarlıq səviyyəsi, həm də son dərəcə müdrik və ağıllı planlama prosesi və şübhəsiz ki, bununla yanaşı yüksək vətənpərvərlik hisslərinin aşılanması bu prosesin məntiqi nəticəsi idi.

Təsadüfi deyil ki, bir çox ekspertlər bizim ordumuzun gücünü və hazırlıq səviyyəsini, həmçinin silah təchizatını postsovet məkanında Rusiya və Ukraynadan sonra 3-cü yerə, dünya sıralamasında isə ilk 50 dövlət sırasında göstərir.  

44 gün ərzində Azərbaycanın bütün dünyaya 21-ci əsrin müharibə metodologiyası dərsi verməklə, həmçinin dünya hərbi sənaye kompleksinə trilyonlarla dollarlıq zərər vurduğu da deyilir. Yüksək texnoloji vasitələrlə  qısa  müddətdə yüzlərlə ağır zirehli texnikanın sıradan çıxarılması, əksər dövlətləri öz hərb strategiyasına yenidən baxmağa vadar edib. Amma, bununla belə, cənab Prezidentin də qeyd etdiyi kimi, “müharibənin taleyini  həll edən  heç də texniki vasitələr deyil,  müharibənin, döyüşün taleyini həll edən insan amilidir”. Əsgərin yüksək peşəkarlığı, ruh yüksəkliyi, vətənsevərliyi və sərkərdənin zəkası, cəsarəti və inamı  birlikdə olmasa, heç bir texnikanın, heç bir müasir silahın faydası olmaz. Azərbaycan ordusunda bir çoxlarına örnək göstərilən xüsusiyyətlər məhz bunlar idi və qələbəmizin də əsas rəhni məhz bu faktorlar oldu. Bütün bu keyfiyyətlər, əlbəttə öz-özünə əldə edilən keyfiyyətlər deyil, uzun illər ərzində, məqsədyönlü şəkildə aparılmış hazırlığın, gərgin əməyin nəticəsidir ki, bunu hətta bizim düşmənlərimiz də etiraf edir.

Bu gün,  erməni  faşizminə layiqli  dərs  vermiş, bütün dünyanı  ölkəmizə hörmətlə yanaşmağa məcbur etmiş və quruluşunun 104-cü ildönümünü sonsuz qürur və iftixar hissi ilə qeyd etdiyimiz müzəffər ordumuz, Ümumilli Liderimiz Heydər Əliyevin əməyi, əzmi, səyləri və siyasəti ilə ərsəyə gəlmiş, müzəffər Ali Baş komandanımız İlham Əliyevin cəsur, peşəkar, müdrik və səriştəli  sərkərdəliyi, təşkilatçılığı  ilə bizə yüz illərdir həsrətində olduğumuz qələbəni hədiyyə etmiş ordudur.