YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Formu çərçivəsində Azərbaycan Respublikasının təhlükəsizlik siyasətinin mahiyyəti

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Beynəlxalq münasibətlərin subyekti olaraq hər bir dövlətin dünyadakı nüfuzu və imici onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə bilavasitə bağlıdır. Milli inkişaf və təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişafının, xarici aləmdən qaynaqlanan təhlükələrə qarşı müqavimət gücünün, səmərəli dövlət idarəçiliyinin, ölkədaxili sabitliyin, vətəndaşların milli ideyalar, məqsədlər, amallar ətrafında birləşməsi, ictimai-siyasi həyatda iştirakı vəziyyətinin və s. daxili məsələlərin əsas göstəricilərindən biri kimi çıxış edir.

Əsası  ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ümumilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Azərbaycanın milli, regional və beynəlxalq təhlükəsizliyin bərqərar olunmasına yönəlmiş xarici siyasət strategiyası çox şaxəlidir. Bu şaxələrdən ən önəmlisi isə vətənimizin dinc şəraitdə inkişafı, suveren dövlət hüquqlarının qorunması, dünya birliyi və beynəlxalq münasibətlərin subyektləri ilə qarşılıqlı əlaqələrinin yaradılması və milli maraqlarının təmin edilməsindən ibarətdir. Müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyindən və səmərəliliyindən asılı olur. Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən əhəmiyyət kəsb edən, enerji qaynaqları ilə zəngin Avropa və Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşməsi onun milli inkişafına, beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsas vəzifələri, istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Bununla bağlı, həm də Xəzər hövzəsi və Cənubi Qafqazın hərbi-strateji və təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın yürütdüyü milli, regional və beynəlxalq təhlükəsizlik siyasəti xüsusi rol oynayır. Məlumdur ki, bu istiqamətdə həyata keçirilən milli siyasətin əsas istiqamətlərindən biri ölkənin regionda gedən əksər geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi və bütün sahələr üzrə milli maraqlarının qorunmasıdır.

Bütün bu proseslər öz məntiqi nəticəsini 44 günlük vətən müharibəsi və regionda yaranan yeni reallıqlarda tapdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qüdrətli Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən Müharibəsindəki Zəfəri torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də postmüharibə dövrü üçün yeni reallıqlar yaratdı. Azərbaycan Respublikasının sərhədləri faktiki bərpa olundu, “Dağlıq Qarabağ” termininin siyasi əhəmiyyəti ləğv olundu, ermənilərin müstəqil qondarma “Dağlıq Qarabağ Respublikası” xəyalları birdəfəlik məhv edildi. Bu reallıqların dünyada qəbul edilməsi üçün isə beynəlxalq nüfuza malik güclü lider və düzgün siyasi strategiya lazım idi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət, nəticəyə hesablanmış, qətiyyətli diplomatiya müharibədən qısa vaxt keçməsinə baxmayaraq, yeni reallıqların dünyada qəbul edilməsinə səbəb oldu. Bu da öz növbəsində regionda təhlükəsizlik məsələsini yeni formatda-postmüharibə dövrünün reallıqları-gündəmə gətirmişdir ki, Azərbaycan Respublikası artıq bu məsələdə əsas aparıcı rola malikdir.

Bu qəbildən cari ilin iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda cənab Prezident təhlükəsizlik məsələsini xüsusi vurğulayaraq bildirmişdir: “Keçən il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sessiyalardan birini Şuşada təşkil etmişdir. Mən buna görə Mərkəzə minnətdaram və bizim orada görüşmək imkanımız oldu. Mən qonaqlarımız üçün sanki bir bələdçi olaraq onlara vəziyyəti göstərirdim. Buna görə mən bizim müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarımızı ifadə etmək istəyirəm. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”.

Beləliklə, daim qloballaşan dünya artıq regionda davamlı, dayanıqlı sülhün, regional və beynəlxalq təhlükəsizliyin mahiyyətcə yeni müstəvidə qorunub saxlanılmasında Azərbaycanın qarant ölkəyə çevrilməsinin şahididir. Bütün platformalarda gedən proseslərdə Azərbaycanın sülhün və təhlükəsizliyin qarantı olmasını bir daha sübut edir. Bunda əlavə sülh və təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq çərçivədə gedən danışıqlarda Azərbaycan diqtə edən tərəfdir ki, bu da öz növbəsində Prezident İlham Əliyevin milli maraqlara və ölkəmizin xarici siyasət stategiyasına söykənən fəal, uğurlu xarici siyasətinin nəticəsidir.