YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: IX Qlobal Bakı Forumu Azərbaycanın postmünaqişə dövründə artan nüfuzuna və siyasi çəkisinə bir daha işıq saldı

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən geniş bəhs edərək diqqəti ənənəvi keçirilən Qlobal Bakı Forumuna yönəldib: “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən  IX Qlobal Bakı Forumu bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna və mövqeyinə, dünyanın Foruma artan marağına işıq saldı. Qlobal Bakı Forumlarının mövzusuna diqqət yetirsək dünyanı narahat edən məsələlərin, aktual problemlərin müzakirəsinə həsr olunduqlarını  görərik. Ötən il VIII Qlobal Bakı Forumunun mövzusu “COVID-19-dan sonrakı dünya” idisə və tədbirdə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirdisə, builki tədbirə 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldı və dəyişən dünyaya yeni yanaşmalar ortaya qoymaq çağırışı edildi.  Forumun gündəliyi, iştirakçıların say tərkibi tədbirin əhəmiyyətini şərtləndirən əsas amillərdəndir. Dövlət başçısı İlham Əliyev Forumun açılış mərasimindəki nitqində bu əminliyi  xüsusi qeyd etmişdi ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək.”

Əliabbas Salahzadə qeyd edib ki, təhlükəsizlik məsələləri beynəlxalq arenada əsas məsələlərdən birinə çevrilib: “ Ölkə Prezidenti yeni yanaşmalara ehtiyacın olduğunu bildirərkən hər bir ölkənin təhlükəsizlik tədbirlətinə töhfələr verməsinin günün əsas çağırışı olduğunu diqqətə çatdırdı. Artıq Dağlq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması əsasdır. Azərbaycan tərəfi sülh təklifini irəli sürüb.  Dövlət başçısının vurğuladığı kimi, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.”

“Otuzillik işğalın ağır nəticələrinə,  Ermənistanın  beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınmasına bir daha işıq salan IX Qlobal Bakı Forumunda dövlət başçısının  nitqində Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlar ünvanlandı. Bəyan edildi ki, atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir”,- deyə millət vəkili bildirib.

Əliabbas Salahzadə bildirib ki, Forumda dünyanın ikili standartlara əsaslanan siyasətinin münaqişənin  həllinin uzanmasında rolundan da geniş bəhs olundu: “Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik misiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun 28 ildə fəaliyyətsizliyi daim  dövlətimiz tərəfindən bəyan edilən  reallıqlardan olub. Rəsmi Bakı ən yüksək tribunalardan qurumun ikili standartlara əsaslanan siyasət yürütdüyünü və bunun ədalətsizlik olduğunu hər zaman bəyan edib.  28 ildə fəaliyyətini regiona nəticəsiz səfərlərlə bitmiş hesab edən ATƏT-in Minsk qrupu ədalətsiz yanaşmasını 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi  dövründə də nümayiş etdirdi. Keçilən 28 illik yolun reallıqlarını diqqətə çatdıran dövlət başçısı İlham Əliyev Forumdakı nitqində bir daha diqqəti ATƏT-in Minsk qrupunun 28 ildə fəaliyyətsizliyinə yönəldərək bildirdi ki,  Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Münaqişə həll olunub. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Minsk qrupu funksiyasını itirib.”

Millət vəkili hazırkı dövrün əsas çağırışları sırasında yer alan kommunikasiyaların açılması məsələsinə də diqqəti yönəldib: “Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Dövlət başçısı bir daha bəyan etdi ki, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.  Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?  Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.”

Hər bir beynəlxalq əhəmiyyətli tədbirin əhatə etdiyi mövzu, həmçinin keçirildiyi məkan baxımından diqqətçəkən olduğunu önə çəkən Əliabbas Salahzadə bildirib ki, IX Qlobal Bakı Forumunda bir daha  dünyanın  dəyişdiyi diqqətə çatdırıldı: “Yeni yanaşmalara böyük ehtiyac duyulur. Hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycan  postmünaqişə mərhələsinin gündəliyinin fomalaşmasında fəal iştirakı, hədəflərə zamanında çatmaq üçün göstərdiyi səyləri ilə diqqətdədir. Forum iştirakçılarının rəylərində də Azərbaycanın nüfuzunun günbəgün artması təqdir edildi, ölkəmizin uğurlu gələcəyinə böyük inam ifadə olundu.”