YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi bundan sonra daha böyük zirvələr fəth edəcək

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Müasir Azərbaycanın tarixində müstəsna yer tutan hadisələrdən biri də ötən il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır.  Bu hadisə iki qardaş dövlətin  münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bəyannamənin imzalanması, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bütün dünyaya nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir.

Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amillərdir. Ümumiyyətlə, Bakı ilə Ankara arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq müddət bir çox əlamətdar hadisələrlə, önəmli məqamlarla zəngindir, elə tarixin özüdür. Ötən dövrün mənzərəsinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, iki ölkə bu müddət ərzində əsrə bərabər inkişaf yolu keçib, dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri ən yüksək nöqtəyə - zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Daha dəqiq desək, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edir.

Azərbaycan öz torpaqlarının işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi müstəsna önəm daşıyıb. 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı, həmçinin dövlət rəsmilərinin görüşləri çərçivəsində, eləcə də müxtəlif tədbirlərdə  səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir, Azərbaycan nə deyirsə, Türkiyə də onu deyir, Türkiyə nə deyirsə, Azərbaycan da onu deyir!

Azərbaycan ilə Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib.

Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Əminliklə söyləmək olar ki, Azərbaycan-Türkiyə birliyi bundan sonra daha böyük zirvələr fəth edəcək!.