YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi regionda sülhə böyük yol açır

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Tarix boyu Azərbaycan və Türk xalqları hər zaman çətin və şad günlərində də bir birinə arxa-dayaq olub. Türkiyə Cümhuriyyəti 1991- ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinə öz dəstəyini, köməyini əsirgəmədi. Türkiyə bir dövlət olaraq bütün beynəlxalq təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırdı. Vətən müharibəsində Türkiyə bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Bütün bu dostluğun, qardaşlığın ən yüksək zirvəsi olaraq 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki dövlət arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bəyannamənin imzalanması bütün dünyaya Azərbaycan və  Türkiyənin dost və qardaş dövlət olması barədə bir mesaj idi. Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edəcək. Bəyannamədə Azərbaycan və Türkiyə  arasında beynəlxalq aləmdə,  iqtisadi,  siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində  birgə əməkdaşlıq nəzərdə tutulur.

Şuşa Bəyannaməsi regionda sülhə də böyük yol açır, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.  Bəyannamə Qarabağ və Şərqi Zəngəzur üçün iqtisadi münasibətlərin qurulmasına böyük dəstək olacaq. Şuşa şəhəri də daxil olmaqla ətraf kənd və qəsəbələrdə turizmin inkişafı üçün geniş imkanlar yaranacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və digər iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artacaq.

Azərbaycan və Türk xalqlarının qardaş və dost kimi sıx tellərlə bir birinə bağlanmasında xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. XX əsrin əvvəllərində Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", əsrin sonlarında Heydər Əliyevin "Azərbaycan və Türkiyə  bir millət  iki dövlətdir" kəlamları xalqlarımızın bir-birinə ürəkdən necə bağlı olduğunun sübutudur.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri aparılır. Vətən Müharibəsində olduği kimi quruculuq işlərində də Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir. Şəhər və kəndlərimizin yenidən qurulması və bərpasında çox saylı türk şirkətləri fəaliyyət göstərir.

Bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin ölkəmiz üçün böyük geosiyasi və iqtisadi əhəmiyyəti vardır. Zəngəzur dəhlizi Şərqdən Qərbə bütün ölkələrin də istifadə edə biləcəyi iqtisadi bir dəhlizdir. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək. Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyənin gələcəkdə daha güclü və qüdrətli dövlətlərə çevrilməsinə böyük təkan verəcək.