YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi regionun təhlükəsizliyinin zəmanətidir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

15 İyun - Milli Qurtuluş Günü Zəfər çalmış xalqımız üçün ikiqat bayramdır. Bu tarixi Azərbaycanın müasir dövlətçiliyinin təməlinin qoyulduğu və iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdıqları gün kimi qeyd edirik.

Çağdaş tariximizə yazılan bu gündə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından mətinliklə çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev dövlətimizin varlığını qorudu, müstəqilliyimizi əbədi, dönməz etdi. 2021-ci ilin iyun ayının 15-də torpaqlarımız işğaldan azad edildikdən sonra tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Günündə Azərbaycan və qardaş Türkiyə əməkdaşlığı yeni uğura imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi  iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi oldu. Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri olan Şuşa Bəyannaməsi bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış etdi.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini bir daha nümayiş etdirdi.

Azərbaycan xalqı iftixar hissi ilə “Şuşa İli”ndə, Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etdi. Şuşa Bəyannaməsi ilə müstəqil Azərbaycan dövləti regionda yeni geosiyasi konfiqurasiya yaratdı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı.

Qürurverici haldır ki, bu gün regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat  layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar açır. Yeni qlobal reallıqda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınması, hər iki dövlətin bir-birinə arxa-dayaq olması hər iki qardaş ölkəni regionda böyük gücə çevirir.

Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevirən, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğulayır və "Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyir.

Şuşa Bəyannaməsi böyük bir tarixi nailiyyət olmaqla yanaşı müstəqil Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığın, əbədi və sarsılmaz olan, müttəfiqlik zirvəsinə ucalan Azərbaycan və Türkiyə birliyinin təsdiqidir. Bu tarixi sənədlə Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı, müttəfiqliyi daha da güclənib, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatıb.