YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 iyun dövlətçiliyimizin tarixində yeni bir mərhələdir

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Azərbaycanın müasir tarixinin 35 illik çox mühüm dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi intuisiyası, fenomenal idarəçilik bacarığı və əvəzolunmaz, yüksək  insani və iradi keyfiyyətləri yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı və ölkəni möhtəşəm tərəqqi və quruculuq yoluna çıxardı. 
Azərbaycanın müstəqilliyinə gedən yol, əslində 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbərliyinə irəli çəkildiyi vaxtdan başlanır. Həmin illərdə də o, Azərbaycanın gələcəyini düşünürdü. Onun məqsədyönlü fəaliyyəti xalqımızın milli qürur hissinin və milli mənlik şüurunun formalaşmasında çox əhəmiyyətli və həlledici rol oynamışdır.           
Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz müstəqilliyini möhkəmləndirdi, əbədi, daimi və dönməz etdi. Həmin illər Azərbaycanın dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb dövrü idi. Dövlətçiliyimizin mövcudluğunun böyük təhlükə ilə üz-üzə qalmışdı. 

Ölkənin ağır və çətin zamanında xalqın ümidgahı yalnız Heydər Əliyev idi. Sadə vətəndaşlar belə, ölkəni bu ağır vəziyyətdən qurtuluşunu ulu öndərin ətrafında sıx birləşməkdə görürdü. 
Xalqın çağırışına səs verən ümummilli lider  1993-cü il iyunun 9-da Bakıya qayıtdı və Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkə gərginlikdən, vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Həmin gün ölkə tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və 1997-ci il 15 iyun tarixindən dövlət bayramı kimi qeyd olunur. 

Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndi. Elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə yanaşı, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. 

1994-cü il sentyabrın 20-də Bakıda xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” keçmiş Sovet İttifaqında imzalanmış bu tipli ilk və ən böyük müqavilə idi. “Əsrin müqaviləsi” Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi və ölkədə daxili sabitliyin bərqərar olmasında, xarici siyasətdə uğurların əldə olunmasında həlledici rol oynamışdır. Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin başlanğıcından nəhəng Qərb kapitalını Azərbaycana cəlb etməklə, həm də çox sayda yeni iş yerlərinin açılmasına nail oldu.  Azərbaycanın misilsiz iqtisadi artımı təmin edildi.              

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bununla da ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar açıldı. 

Görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra onun çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri də gənc nəslə diqqətin artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərin fəal iştirakının təmin edilməsi işinə xüsusi diqqət yetirilməsi idi. 

Həmin illərdə ölkədə dayanıqlı ictimai-siyasi sabitliyə nail olundu. Bütün sahələrdə ciddi və davamlı islahatlar həyata keçirildi. Ölkə davamlı inkişaf yoluna qədəm qoydu. Ölkə üzrə makroiqtisadi göstəricilər artdı. Yeni sənaye müəssisələri yaradıldı. 1996--2003-cü illərdə ümumdaxili məhsul istehsalı 22,3 dəfə artdı. Azərbaycanın beynəlxlaq nüfuzu yüksəldi. Bütün bunlar öz xalqının rifahı, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda misilsiz fədakarlıq göstərən dahi şəxsiyyət, böyük vətənpərvər, misilsiz rəhbər Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərinin nəticəsi idi. Xalq öz xilaskarını unutmur, onun əziz xatirəsini daim uca tutur və ümummilli liderin misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edir.

DİGƏR Xəbərlər Arxiv