YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinin yeni tarixi mərhələsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin geniş miqyasını ifadə edən yeni tarixi mərhələnin əsasıdır. 15 iyun 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəccəb Tayyib Ərdoğan tərəfindən imzalanan Bəyannamə qardaşlıq əlaqələrinin gələcək perspektivdə yeni reallıqlar nəzərə alınmaqla inkişaf hədəflərini müəyyənləşdirən tarixi bir sənəddir. Sənədin başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə Bəyannaməni imzalamaqla mövcud münasibətlərinin beynəlxalq müstəvidə geostrateji mahiyyətini artırmış olurlar. İki qardaş ölkə arasında münasibətləri müttəfiqlik mərhələsinə çatdıran Bəyannamənin məzmunu geniş istiqamətlərdə əlaqələrin inkişafını hədəfləyir. Həmin hədəflərə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu kimi önəmli strateji sahələr daxildir.

Əslində Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinin sənəd üzərində rəsmiləşdirilməsindən əlavə, bölgədə dayanıqlı sülhün əldə olunmasına da xidmət edir. Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası baxımından Bəyannamə vacib əhəmiyyətə malikdir. Bəyannamənin digər önəmli tərəfi onun regionda gələcək sərmayə qoyuluşlarının artmasına geniş töhvə verməsidir. Bununla da Şuşa və ətraf bölgələr intensiv sərmayə qoyuluşu əsasında sürətli inkişaf potensialı əldə etmiş olacaq.  Bəyannamə çərçivəsində icra olunacaq hərbi əməkdaşlıq, regional baxımdan vacib əhəmiyyətə malik iqtisadi layihələr Azərbaycanın siyasi və iqtisadi müstəvidə böyük uğuru olmaqla bərabər onun beynləlxalq aləm nüfuzunun yüksək səviyyədə artmasına geniş töhvə verəcək.

Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə əsaslanan Bəyannamədə hər iki dövlətin böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” müdrik kəlamları öz əksini tapmışdır. Vətən müharibəsində qazanılan böyük zəfərin əldə olunmasında qardaş Türkiyənin əvəzolunmaz payı olduğu kimi, azad olunmuş ərazilərin yenidən qurma prosesində də qardaş ölkə yaxından iştirak edir. Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi potensiala malik olmaqla Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcəkdir.

Strateji cəhətdən Bəyannamənin önəmini artıran əsas məqam Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşməsidir. Hərbi sahədə əməkdaşlıq çərçivəsində hər iki ölkə bir-birinin təhlükəsizliyini daha yaxından təmin edəcək. Böyük zəfərin əldə olunmasında Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının önəmli rol oynaması Bəyannamədə Azərbaycanın müdafiə sahəsində həyata keçiriləcək sıx əməkdaşlıq çərçivəsində hərbi məhsulların istehsal mərkəzinə çevirilməsini müəyyən etmişdir.

Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycana öz dəstəyini yüksək səviyədə ifadə edən Türkiyə, bu haqq savaşında Azərbaycana qarşı müxtəlif təxribatlar törətmək istəyən qüvvələrin qarşısını almış oldu. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ölkəmizdə 48 siyasi partiya tərəfindən yüksək qiymətləndirilmiş və ona dəstək ifadə olunmuşdur.