YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb

Milli Məclisin deputatı Əliabbas Salahzadə 1993-cü il iyunun 15-dən bugünədək Azərbaycanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək ölkəmizin  taleyində tarixi günlərin rolunu xüsusi vurğulayıb: “15 İyun-Milli Qurtuluş Günü Azərbaycanın həyatında dönüş nöqtəsidir. Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını  təmin edən bu tarixi gün ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin zənginliyini, böyük siyasi nüfuzunu, Azərbaycanın  gələcəyini düşünən Lider olduğunu nümayiş etdirir. Hər bir ölkənin inkişafında Lider amili əsasdır. Azərbaycanın 1993-cü ildən bugünədək  bütün sahələrdə sürətli inkişafını, üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasət, bu xəttin uğurlu davamıdır. Ulu öndər Heydər Əliyev  bildirirdi ki, həyatının mənasını ancaq xalqa sədaqətlə xidmətdə görür. Onun üçün ən böyük mükafat  xalqın etimadını doğrultmaq idi.”

Əliabbas Salahzadə qeyd edib ki, 1993-cü ildə ayağa qalxan xalq dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət edərkən Azərbaycanın yaşadığı çətinlikləri yalnız onun kimi  zəngin idarəçilik təcrübəsinə malik, xalqını, Vətənini canından artıq sevən Liderin xilas edəcəyinə əmin idi. Elə də oldu. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, dünya azərbaycanlılarını bir araya gətirərək ölkəmizin inkişafına öz töhfələrini  verməyə çağırışlar etdi. Bildirirdi ki, bizim hamımızın bir Vətəni var-bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq-bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir!

Millət vəkili müstəqil inkişaf tariximizin məhz 15 iyun 1993-cü ildən başlandığını önə çəkərək vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlanan inkişaf yolumuz 2003-cü ildən yeni Liderin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmağımızı təmin edir: “Məhz Prezident İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, iqtisadi möcüzələr, ən islahatçı ölkə kimi nüfuz qazanan, ölkələri, xalqları birləşdirən layihələrin əsas iştirakçısı və təşəbbüsçüsü,  etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən ölkə kimi tanınır. Dünya siyasətçiləri, politoloqları Heydər Əliyev siyasətinin alternativsizliyini bildirirlər. Bu fikir də beynəlxalq səviyyədə qeyd edilir ki, dövlətinin, xalqının gələcəyi barədə düşünən Liderə böyük inam və etimad şəksizdir. Xalqımız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına nail olmaqla  bugünədək uğurlarımızın davamlılığından qürur hissi keçirir.”

Əliabbas Salahzadə Azərbaycanın bu illər ərzində iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan geniş bəhs edib: “Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycana böyük uğurlar qazandırır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi Azərbycanı regional  inkişafın aparıcı qüvvəsinə çevirdi. Hazırkı dövrün əsas çağırışlarından  biri yeni əməkdaşlıq formatlarının yaradılması,  əlaqələrin coğrafiyasının genişləndirilməsidir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə reallaşdı. Bu gün  Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradır, postmünaqişə dövrünün gündəliyinin formalaşdırılmasında əsas rola malikdir. Bu günlərdə pandemiya səbəbindən iki illik fasilədən sonra keçirilən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorunda qazandığı uğurların təhlilində mühüm rol oynadı. Enerji Həftəsinə Qarabağın tacı Şuşada Xüsusi Sessiyanın  keçirilməsi ilə yekun vurulması  azad Qarabağın  malik olduğu iqtisadi imkanların təqdimatına da geniş imkanlar açdı.”

Hazırdan  azadlığına qovuşmuş torpalarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin  aparıldığını xüsusi vurğulayan millət vəkili ərazi bütövlüyümüzün təmin olunmasının  ulu öndər Heydər Əliyevin ən böyük arzularından olduğunu qeyd edib: “Qurtuluşdan başlanan yol xalqımıza Zəfər sevincini yaşatdı. Məğrur, yenilməz xalq olduğumuzu dünyaya bir daha bəyan etdik. Qalib ölkənin vətəndaşı olmaq böyük xoşbətlikdir. Azərbaycanın bugünü müstəqilliyinin bərpasının ilk illəri ilə müqaysə etdikdə qurtuluşun ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər böyük olduğunu qeyd edirik. O illərdə müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycan bu gün müstəqil siyasəti ilə  qürur duyur, tarixi törpaqlarına qovuşaraq qalib ölkə kimi tanınır.  Xalqımız əmindir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində  tezliklə Böyük Qayıdış da reallığa çevriləcək, Qurtuluşdan başlanan yol Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.”

Millət vəkili sevincləri, kədərləri bir olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəmzi olan Şuşa Bəyannaməsinin imzalanmasının bir ilinin tamam olmasından da bəhs edərək bildirib ki, ötən il Milli Qurtuluş Günündə  Şuşanın belə bir sənədin imzalanmasına şahidlik etməsi bütün məqamları, dünyaya ünvanlanan mesajları özündə ehtiva edir.