YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluş günü - əbədi müstəqilliyimizin dönüş nöqtəsi

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycanın müstəqilliyinin ilk illəri ölkədə siyasi hərc-mərclik, dərin siyasi-iqtisadi böhranla müşahidə olunmuşdur. Ölkəmizin başında təmsil olunan başıpozuq qüvvələrin yarıtmaz siyasəti nəticəsində ölkəmizdə vətəndaş müharibəsi baş vermişdir. Bunun başlıca səbəbi Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin ölkənin daxilində müxtəlif siyasi təxribatlara əl atması olmuşdur. Hakimiyyətdə təmsil olunan şəxslərin təcrübəsizliyi, idarəçilik qabiliyyətlərinin olmaması bu meylləri daha artırmışdır. Separatçı qüvvələr müxtəlif bölgələrdə ölkənin parçalanmasına, işğalçı Ermənistan isə torpaqlarımızı işğal edərək ölkəmizin müstəqilliyinə və süverenliyinə ciddi təhdidlər törətmişdilər. Əllbətdə ki, bütün bu hadisələrdən ən böyük zərbəni vətəndaşlar almış, günahsiz insanlar bu siyasi oyunların qurbanlarına çevirilmişdir. Ölkə rəhbərliyində təmsil olunan şəxslərin qonşu dövlətlərlə bağlı yanlış siyasəti beynəlxalq əlaqələrimizin də iflic vəziyyətə düşməsi ilə nəticələnmişdir.

Müstəqilliyini yenicə əldə etmiş ölkəmiz AXC-Müsavat iqtidarının yarıtmaz siyasəti nəticəsində xaos, anarxiya, iqtisadi böhran, vətəndaşların sosial rifahının aşağı düşməsi, torpaqlarımızın işğalı ilə üzləşmişdir. Bütün bu ağrılı hadisələr, xalqımızı öz gələcək mövcudluğunu qorumaq üçün uzaq görən, müdrik lider seçməyə təkid edirdi. Belə olan halda Azərbaycanı bütün bu bəlalardan qurtara biləcək müdrik şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev idi. Xalqımızın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev 9 iyun 1993-cü il tarixində Bakıya qayıtmaqla Azərbaycanı və xalqımızı dəhşətli bəlalardan xilas etdi. Bu dönüş nöqtəsi xalqımızın yaddaşında qurtuluşun başlanğıcı kimi həkk olunmuşdur.

15 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə Azərbaycan müstəqilliyinin, suverenliyinin möhkəmlənməsi və dönməzliyi istiqamətinə qədəm qoydu. Xalqın müdrik xilaskarı Heydər Əliyev ölkədə vətəndaş müharibəsinə son qoyaraq problemlərin həlli istiqamətində xalqın vətəndaş həmrəyliyinə nail oldu. İctimai-siyasi sabitliyin ölkəmizin hərtərəfli inkişafında önəmini qeyd edən Ulu Öndər vurğulayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Ulu Öndər Heydər Əliyev daim Azərbaycanı bütöv şəkildə görməyi arzu edirdi. O, vətəndaşlar qarşısında çıxış edərkən daim insanları ruhlanlandıraraq işğal nəticəsində itirdiyimiz torpaqları bir gün işğaldan azad edəcəyimizi bildirirdi. Bu cür çətin bir dövrdə mövcud problemlərə sinə gərmək, ölkədə siyasi-iqtisadi sabitliyi bərpa etmək, vətəndaş həmrəyliyinə nail olmaq missiyasını hər adam icra edə bilməzdi. Bu çətin, ağrılı proseslərin öhdəsindən məhz Ulu Öndə Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi. Həyati təhlükələrə baxmayaraq, xalqın xilaskarı Ulu Öndər bu ağır məsuliyyətə üstlənərək öz həyatının xalqının, dövlətinin çiçəklənməsinə, möhkəmlənməsinə və onun inkişafına həsr etdi.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə qurtuluşun ilk nailiyyətləri dərhal görülməyə başlandı. İlk öncə asayiş və qayda-qanun bərqərar edildi, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəsə nail olundu, münaqişənin dinc yolla həll edilməsi istiqamətində addımlar atıldı. İflic vəziyyətdə olan ölkənin idarəetmə sistemi nizama salındı, iqtisadiyyatın dirçəlməsi üçün əsaslı addımlar atıldı və beynləlxalq neft müqavilələri imzalandı. Qanunsuz silahlı birləşmələrin qarşısı alınaraq ölkədə siyasi mühit bərqərar edildi və islahatlara başlanıldı. İlk parlament seçkisi keçirilərək çoxpartiyalı sistem yarandı və refendum yolu ilə Konstitusiya qəbul edildi. Ölkənin beynəlxalq əlaqələrində müsbət irəliləyişlər əldə olundu. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr xalqımızın yaddaşında müstəqilliyimizin əbədiliyi uğrunda atılan addımların başlanğıcı kimi yadda qalıb.

Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, uzaqgörən, müdrik xilaskar Ulu Öndər xalqının gələcək taleyini düşünərək onun etibarlı şəkildə tərəqqi yolunda irəliləmisini təmin edəcək müzəffər, qətiyyətli lider bəxş etmişdir. Ulu Öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı ideyaları, arzuları onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Vətən Müharibəsində əldə olunan Zəfər bütün atılan addımların məntiqi nəticəsidir. Öz xalqına zəfər dolu böyük qələbəni bəxş etmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışın reallaşması istiqamətində tarixi quruculuq işləri həyata keçirir. Bu gün azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi, onun arzuladığı Azərbaycandır.