YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Baş naziri Əli Əsədov Slovakiya Milli Şurasının sədri Boris Kollar ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Slovakiya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulanıb. Slovakiya Milli Şurasının sədrinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, B.Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərin, kənd və şəhərlərimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunub.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. Bu baxımdan Ələt Azad İqtisadi Zonasının önəmi qeyd edilib, Slovakiya şirkətlərinin xarici investorlar üçün burada yaradılmış əlverişli imkanlardan faydalana biləcəyi bildirilib.

Söhbət zamanı enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan Cənub Qaz Dəhlizinin önəmi xüsusi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında siyasi, iqtisadi-ticari, sərmayə qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.