YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda tədbir keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Milli Məclisin deputatı Cavid Osmanov, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, şəhid ailələri və qazilər, partiya üzvləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan bu əlamətdar günün yaranmasından və tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insan - Heydər Əliyevdir!

Milli Məclisin deputatı Cavid Osmanov ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını bildirib. Qeyd edib ki, bu gün də Heydər Əliyev ideyaları, siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşayır, inkişaf etdirilir. Bu gün Azərbaycan müstəqil ölkə kimi dünyanın qabaqcıl dövlətlərinin sırasındadır. Qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi kurs və dahi rəhbərin layiqli davamçısı, praqmatik dövlət xadimi İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

“Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev vurğulayıb ki, Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Həyata keçirilən uğurlu siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan dahi bir insan - ulu öndər Heydər Əliyevdir. Vurğulayıb ki, Ulu Öndər Azərbaycan tarixi üçün, dünya tarixi üçün görkəmki sərkərdə idi: “Onu təsadüfən Atatürklə müqayisə etmirdilər. Qurtuluş savaşı kimi savaş verdi və Azərbaycanın yerdə qalan torpaqlarını qoruyaraq müstəqil dövlətə imza atdı. Ulu Öndər filosof idi, Azərbaycançılıq ideyasının əsasını qoydu.  Xalqı yeni bir ideya, bütöv bir paradiqma ətrafında səfərbər etdi. Ulu Öndər Dədə Qorqud kimi bir el ağsaqqalı idi. Ulu Öndər xarici siyasətin çox görkəmli bilicisi və möhtəşəm bir diplomat idi. Beynəlxalq güclərin, imperialist xislətə malik böyük dövlətlərin toqquşan maraqlarını Azərbaycanda uzlaşdıra bildi. Bu çox böyük tarixi naliyyət idi ki, Azərbaycan dövlətini yaşatdı, həyatda tutdu. Görkəmli bir iqtisadçı idi, Azərbaycanın “Əsrin müqaviləsi”ndən və daha sonrakı dövrdə aparılan aqrar islahatlarlar və iqtisadiyyatın digər sahələrindəki mütərəqqi retormlarla Azərbaycan dövlətinin, onun xalqının rifah səviyyəsini əvvəlki illərə nisbətən xeyli dərəcədə yüksəldə bildi”.

DİGƏR Xəbərlər Arxiv