YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1993-cü ildə Heydər Əliyev xalqın çağırışına səs verdi

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri

1993-cü il iyunun 15-i - Qurtuluş Günü xalqımızın yaddaşına əbədi həkk olunan tarixi gündür. Həmin gün ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, qətiyyətli addım atan Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı günüdür. 15 iyun çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, həmin hadisələri gözləri ilə görən, vətənini, xalqını sevənn insanlar üçün həqiqətən qurtuluş tarixidir. Bu tarixi yaradan isə daim xalqına arxalanan və xalqa arxa olan, dövlətçiliyimizi xilas edən Azərbaycanın gələcəyində, inkişafında, müstəqilliyində, müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyevdir .

1993-cü ildə Heydər Əliyev xalqın çağırışına səs verdi. Azərbaycan dövlətçiliyinin ağır sınaq qarşısında qaldığı, dağılma və məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda, xalqın tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtdı və öz qətiyyətli, ardıcıl siyasəti nəticəsində dövlətçiliyi dağılmaqdan qoruyub xalqın Xilaskarına çevrildi.

Bu dönəmdə dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Hakimiyyətdə olduğu 10 il ərzində dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə milli inkişafın əsasları yaradıldı. Daxili sabitlik, qanunçuluq,  milli həmrəylik təmin edildi, bütün sahələr üzrə ölkənin əsaslı inkişaf planı hazırlanaraq həyata keçirildi. Heydə Əliyev bu dönəmdə mühüm bir tarixi missiyanı həyata keçirərək müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi.

Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş sivil dünya dövlətləri cərgəsinə çıxarmaq naminə bütün gücünü sərf edən bu dahi şəxsiyyət sonda öz istəyinə nail oldu. Çünki onun üçün canında çox sevdiyi Azərbaycanın qüdrətli dövlət olması yolunda amal, məqsəd var idi.

Dünya dövlətlərinin başçıları ilə yorulmadan görüşlər keçirən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Heydər Əliyev getdiyi ölkələrdə soydaşlarımızla görüşür, diaspor hərəkatının genişləndirilməsi üçün istiqamətləri də müyyən edirdi. Bununla da bir çox aparıcı dövlətlərdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi, mənəvi və mədəni həmrəyliyin yararadılması istiqamətində atılan addımlar öz bəhrəsini verdi.

"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən Ulu Öndərimizin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Həmin qurultayda Ulu Ondər çıxışında qeyd etdi ki, “Sizə deyə bilərəm ki, biz bir çox ağır və çətin məsələləri həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah halı çox yaxşılaşacaqdır. Azərbaycanda hər kəs sərbəst, azad yaşayacaqdır. Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, vicdan azadlığı, mətbuat azadlığı – bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunacaqdır”.

Üç mühüm amilə: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisinə söykənən xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Bu fikirlərin müəllifi olan dahi şəxsiyyət Azərbaycanı bütöv, azad və müstəqil görmək eşqi ilə yaşayırdı. Qalan ömrünü də xalqına, millətinə və dövlətinə həsr etməkdən qürur hissi keçirən Ulu Öndər nurlu gələcək üçün var qüvvəsini sərf etməkdən yorulmadan, bezmədən öz tarixi missiyasını sonadək başa çatdırdı. İndi Ulu Öndərin arzusu yerinə yetirilib. Mədəniyyət beşiyimiz Şuşada tədbirlər, görüşlər keçirilir. Azad olunmuş Qarabağ torpaqları dirçəlir, çiçəklənir. Ordumuz dünyanın ən güclü 50 ordusundan biridir.  Onun müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Bu gün biz qalib xalq, müstəqil dövlət, egionun lider dövləti anlayışlarından qürurlanmağımıza görə o böyük şəxsiyyətə borcluyuq.