YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqı öz arxasınca aparmağa qadir lider

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Dünyanı və dövlətləri əslində böyük idealları və əməlləri uğrunda vuruşan qəhrəmanlar, dahilər, ehtiras dolu insanlar yaradırlar. Tarix inkar edilməz bir şəkildə isbat etmişdir ki, böyük işlərin öhdəsindən gəlmək üçün bacarıqlı bir öndər lazımdır.

Xalqımız dövlətçilik tarixinin ən doğru qərarını məhz o zaman verdi. Küçələrdə dolaşan xoşməramlı üsyançılar “Heydər ! Heydər ! Heydər!” bağıraraq “Ya Heydər Əliyev, ya da heç kəs Azərbaycanın qurtuluşu ola bilməz deyirdilər. Azərbaycanın bağımsızlığını Heydər Əliyevdən başqa kimsədə görmürdülər.”

Xalqımızın ürəyindən, vicdanından qopub gələn ən köklü, ən dərin istək bəlli olmuşdur: “Qurtuluş”. Məhz o cür çətin dönəmdə, xalqın bu qədər xilas olmağa meyl etdiyi bir vaxtda ürəyi Vətən üçün döyünən, “Hər bir xalq üçün, hər bir millət üçün milli azadlıqdan və müstəqillikdən şirin, əziz nemət yoxdur.” deyən Heydər Əliyev bu istəyə biganə qala bilməzdi. O da yaxşı bilirdi ki, kəskin zəka, itigöz, aydın düşüncə siyasət dünyasında sağlam toxumlar əkər.

Ölkədə sosial-iqtisadi böhranın artması xalqın yaşayış şəraitini hər gün daha da ağırlaşdırır, böyük problemlər yaradırdı. Məhz 1993-cü ilin 09 iyun tarixində Ulu öndərin xalqın səsinə səs verməsindən sonra uzaqgörən və müdrik siyasət nəticəsində ölkəmizdə vəziyyət stabilləşdi, tükənməz təbii sərvətlərimiz xalq üçün istifadə olundu, ölkədə hərc-mərcliyə, özbaşınalığa son qoyuldu, vahid ordu yaradıldı.

Heydər Əliyev yaxşı bilirdi ki, neçə müddətdir yalnız öz mənafeyini düşünən, ölkəni əlində oyuncağa çevirən dırnaqarası “liderlərin” qeyri-peşəkar siyasətindən sonra müharibəni davam etdirmək çıxış yolu deyildi. Elə buna görə də Azərbaycan-Ermənistan münaqişəsində atəşkəsə nail olundu.

Qurtuluş qığılcımlarından alovlanan Azərbaycan artıq dirçəlişə doğru addımlayır, burada yaşayan hər bir vətəndaş irqindən, dinindən, siyasi düşüncəsindən asılı olmayaraq siyasi müstəqilliyə sahib olurdu. O dövr qısa müddət ərzində Heydər Əliyev dahi şəxsiyyət ünvanını fəth etmiş, dünya dövlətlərinin qəhərman bir liderinə çevrilmişdi.

Azərbaycana həmişə iştahla baxan iri dövlətlər artıq bilirdilər ki, Heydər Əliyev Azərbaycana öz mənafeyi və istəklərinə görə deyil Vətən naminə bağlıdır. Bu sevginin qarşısını almaq olmaz. Çünki Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayırdı.

Heydər Əliyevin qayıdışından başlanan xilaskarlıq missiyasının təməlində “güclü dövlət, səmərəli iqtisadiyyat, azad insan amili “ kimi faktorlar dayandığı üçün zamanın dəyişən şərtləri və ehtiyacları ona heç zaman mənfi təsir etməmiş və etməyəcəkdir.

Bu gün Heydər Əliyev düşüncə və fəlsəfəsinin davamçısı və qoruyucusu, siyasət səmasında parıldayan ulduz sayılan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, "Dəmir Yumruq” İlham Əliyev demokratiyanın bütün ünsürləri, azadlığın hökm sürdüyü, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda ustaca və rahat şəkildə liderlik edir.

Bir vaxtlar “Müstəqil Azərbaycan əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünki gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” deyən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bugün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir.

Xalqımız hər zaman dünya tarixində izqoyan, Vətəni şöhrəti, şanı, sevinci, qüruru, əzəməti kimi görən ən böyük Azərbaycanlını – Heydər Əliyevi, xalqı öz arxasınca aparmış lider kimi xatırlayacaq və onun yolundan heç bir zaman dönməyəcəkdir.