YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

Elbrus Quliyev

Dövlət Statistika Komitəsinin Birləşmiş Həmkarlar Komitəsinin sədri

Bu gün Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra isə ölkəmiz böyük regional gücə çevrilib. Beynəlxalq birlik regionumuzda Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir və dövlətimizlə hesablaşır. Bütün bu möhtəşəm nailiyyətlərin fonunda onu da unutmamalıyıq ki, müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.

Azərbaycanın həmin dövrdə ki, iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Daha  sonra hakimiyyətə gəlmiş AXC-“Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Ermənistanın hərbi təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun Gəncə hadisələri də belə bir şəraitdə baş verdi. Bu, hakimiyyət daxilindəki ayrılmalar və intriqalar artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Xüsusilə də mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz. Məhz AXC-“Müsavat” hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi.

Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan parlamentinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda ulu öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular.

Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin birliyini və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Daha dəqiq desək, Qurtuluş məfkurəsi Azərbaycan dövləti və xalqını tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran iftixar mənbəyidir.

Beləliklə, bütün bunların qanunauyğunluğu kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa bir zamanda ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu.

Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Şübhəsiz, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxaran Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı artdı. Həmin dövrdə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı, Azərbaycanın ərazi bütövlüyünün tanınması  beynəlxalq təşkilatların sənədlərində təsbit olundu. 44 günlük Vətən müharibəsində torpaqlarımzı işğaldan azad edərkən həmin sənədlər hüquqi baza rolunu oynadı.

Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə imza atıb. 44 günlük müharibədə qazanılan qələbə isə bu zəfərlərin zirvəsində dayanır. Hazırda müstəqil dövlətimizin qarşısında müqəddəs vəızifələr dayanır: İlk növbədə, işğaldan azad edilmiş əraziləri bərpa etmək və insanları o doğma yurdlarına qaytarmaq. Bu yolda dövlətimiz qətiyyətli addımlar atır.   Beləliklə, ölkəmizi qarşıda daha böyük nailiyyətlər gözləyir. Bu nailiyyətlərin əsasında isə QURTULUŞ MƏFKURƏSİ dayanır!.