YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa zirvəsinə aparan yol Milli Qurtuluşumuzdan keçmişdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Siyasi, dini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün Heydər Əliyev fenomendir. O, qəbul olunan siyasətçi, əvəzolunmaz lider, təcrübəli dövlət xadimi, peşəkar general kimi birmənalı müasir Azərbaycan tarixinə öz adını böyük hərflərlə yazmağı bacarmışdır.

Əslində Ulu Öndər Heydər Əliyev uzun illər öncə faktora çevrilmişdir. Zaman, tale, yorulmaz fəaliyyəti onu faktora çevirmişdi. Belə olmasaydı, müsəlman və türk əsilli bir dövlət xadiminin Kremlin keçilməz sədlərini keçərək, ən yüksək postlarda oturaraq dünyanın ən güclü imperiyalarından birinə hökm edən insanlardan olmazdı. Azərbaycan SSR-nin tarixində onu zirvələrə qaldıran həyata keçirdiyi danılmaz və təkzibolunmaz fəaliyyəti idi. Həm karyerasında, həm də xalqının qəlbində sonsuz yüksəklikləri fəth edən Ulu Öndər Heydər Əliyevi fenomenə çevirən də elə onun özü idi. Bütün siyasi və fiziki məhdudiyyətlərə rəğmən dünyanın ən böyük ölkəsi olan Sovet İttifaqı Moskvada nəzarətində olan bir şəxsiyyətdən qorxurdu. Dəfələrlə təqiblərə məruz qalan, əlində faktiki heç bir fiziki qüvvəyə malik olmayan Ulu Öndərdən Sovetlər Birliyinin rəhbərliyində dayananlar çəkinirdilər. Çünki Ulu Öndər Heydər Əliyev öz əqidəsini, varlığını və ruhunu təmiz saxlamış, gəldiyi doğma vətən torpağına sədaqətini və doğmalığını unutmamışdı. Təəssüflər olsun ki, onunla çiyin-çiyinə çalışanların, onun əlindən tutub zirvələrə qalxanların, o, vəzifədə olarkən şəninə gözəl sözlər deyən adamların bir qismi Heydər Əliyev faktorunu qəbul etsələr də ona qarşı həyata keçirilən təxribatların bilərəkdən və yaxud da bilmədən tərkib hissələrinə çevrildilər. Lakin onu siyasi səhnədən silə bilmədilər, silə bilməzdilər də. Çünki tarixin və talehin onun üçün yazdığı rol hələ bitməmişdi. Onun missiyası xilaskar kimi davam etməli idi.

Heydər Əliyev Sovetlər Birliyinin tərkibində yaşayan Azərbaycan SSR-nin tarixinin son dönəmlərini öz əlləri ilə yazırdı. Elə addımlar atmış, elə qərarlar qəbul etmişdi ki, sanki qısa zaman sonra baş verəcəkləri bilirmiş və hazırlaşırmış. Onun zamanında atdığı müdrik addımların sayəsində siyasi, hərbi, tibbi və digər bütün sahələrdə müstəqil Azərbaycanın bünövrəsi qoyulurdu. Bəzi tarixçilər və siyasət təhlilçiləri Ulu Öndərin fəaliyyətini xronoloji olaraq iki əsas dövrə bölürlər. Lakin bir məqamı vurğulamaq lazımdır ki, Ulu Öndərin hər iki dövrdə fəaliyyəti əslində bir-birinin davamı idi. Daha böyük prizmadan müasir Azərbaycana, bu gün yaşadıqlarımıza baxanda da biz Heydər Əliyev siyasi irsini və Heydər Əliyev izini görməkdəyik. Prezident cənab İlham Əliyevin Ulu Öndərin ən ləyaqətli davamçısı kimi onun ömrünün vəfa etmədiyi planlarını, arzularını gerçəkləşdirdiyini bütün məsuliyyətimizlə deyə bilərik. İndi qürurla dayandığımız Şuşa zirvəsinə aparan yol da Milli Qurtuluşumuzdan keçmişdir.

Milli Qurtuluşumuzun baş verdiyi ərəfədə mövcud hadisələr çox yaxın tarixdə baş verib və faktiki sübutlar mühafizə olunur. Geriyə çox da dönmədən bir əsas məqamı demək lazımdır ki, Ulu Öndər müasir müstəqil dövlət yaratmağa, onun quruculuq işlərini görməyə əslində 20 Yanvar hadisələrindən sonra başlamışdır. Əliqanlı bir imperiya ilə təkbaşına mübarizə aparan Heydər Əliyevə Bakıda sadə xalq kütlələri, ziyalılar dəstək versələr də hakimiyyətdə oturanlar ciddi şəkildə ona qarşı çıxırdılar. Çünki bilirdilər ki, onun gəlişi bir çox qaranlıq məqamı aydınladacaq və xalqın xilası gerçəkləşəcəkdir.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna təhdid yaradan səriştəsizlik və hərc-mərclik imkan vermirdi ki, dövlətçiliyimiz möhkəmlənsin. Döyüş meydanından silahlıları çıxarıb Bakıya öz siyasət mənfəətləri üçün gətirənlər, əlbəttə, Ulu Öndər Heydər Əliyevin qayıdışını istəməzdilər. Lakin Bakıdakı oyunbazlardan fərqli olaraq Heydər Əliyev Naxçıvanda üçrəngli dövlət bayrağını qaldırmış, Türkiyə ilə münasibətləri bərpa etmiş, dövlətçiliyimizin əsaslarını əyalətdə möhkəmləndirməyə başlamışdır. Bu gün dillərdən düşməyən bir millət iki dövlət siyasi-fəlsəfi yanaşması da məhz o illərdə yaranmışdı. Ulu Öndər Heydər Əliyev Naxçıvandan Şuşaya uzanan o tarixi yolda ilk addımlayan, bugünkü zəfərimizin bünövrəsini qoyan dahi şəxsiyyətdir. Təsadüfi deyil ki, bu günlərdə bir illiyini qeyd edəcəyimiz “Şuşa Bəyannaməsi” məhz Milli Qurtuluş günümüzdə imzalanmışdır. Bu həm Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət siyasətinə verdiyi töhfəyə dərin hörmətin təzahürü, həm də gələcək inkişafımızda Milli Qurtuluşun izlərinin bariz nümayişidir.

Dəfələrlə Prezident cənab İlham Əliyev öz sözlərində bir məqamı da vurğulayır ki, Milli Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Əgər Ulu Öndər özünün təhlükəsizliyini riskə atıb vaxtında hadisələrə müdaxilə etməsə idi, bu gün biz nəinki əldə etdiyimiz zəfərlərdən, inkişafdan, tərəqqidən danışa bilərdik, ümumiyyətlə dövlətçiliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıya qalardıq. Halbuki, Sovetlər Birliyi onsuz da dağılırdı. Krizis dönəmini ağılla və təmkinlə idarə edən bir liderimiz müstəqilliyin ilk illərində olsaydı, nə torpaqlarımızı itirərdik, nə də başımıza bu qədər müsibətlər gətirilərdi. Azərbaycan xalqının müdrik seçiminə ilk gündən əməl etmək lazım idi. Əgər Ulu Öndər Heydər Əliyev 1990-cı ildə 20 Yanvar hadisələrinin sabahısı günü Bakıya dəvət olunsa idi, başımıza bu hadisələr gəlməyəcəkdi.

Məlumat üçün deyim ki, 1991-ci ildə keçmiş ittifaq dövlətləri içərisində Azərbaycan ən gec müstəqilliyini elan etmiş dövlətlərdəndir. Bu hadisələrin fonunda isə Heydər Əliyev Naxçıvanda xariqələr yaradırdı. Blokada şəraitində heç bir yardım almadan düşmənlə üz-üzə mübarizə aparan Ümummilli Liderə Bakıdan dəstək əvəzinə müdaxilə edirdilər, onu mənasız və ağılasığmaz fikirlərlə ittiham edirdilər. Halbuki, əgər Heydər Əliyev gəlib dövlətçiliyimizi xilas etməsə idi, o zaman hakimiyyətdə təmsil olunanların özlərinin də həyatları təhlükə altında olacaqdı. Ulu Öndərin qayıdışı faciələrin qarşısını aldı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu gün elə bir sahə yoxdur ki, biz onun haqqında danışanda Ulu Öndər Heydər Əliyevi ehtiramla və hörmətlə anmayaq. Çünki müasir müstəqilliyimizin bütün sahələrinin inkişafı, tərəqqisi məhz onun adı ilə bağlıdır. Elmdən səhiyyəyə, iqtisadi inkişafdan ordu quruçuluğuna qədər hər bir profildə Ulu Öndərin fəaliyyəti ölkəmizin mövcudluğunu təmin etmişdir. Lakin bir məqamı unutmamaq lazımdır ki, bütün inkişaf tendensiyaları üçün məhz stabil siyasi mühit lazımdır. Yəni inkişafı təmin edən əsas məqam mühitin formalaşmasıdır. Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu gerçəkləşdirməklə gələcək inkişafımız üçün münbit və stabil şərait yaratmış oldu.