YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü azad Qarabağda, azad Şuşada qeyd edilir

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Ölkəmizə hansı sahədən baxsaq qazandığı təcrübənin nümunə olduğunu qeyd edə bilərik. Bu, Ümummilli Liderin məqsədyönlü siyasətinin və gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev bu vəzifəni qarşıya qoyur ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri müqayisə əsasında təhlil edilməli, müstəqillik yolumuzun heç də hamar olmadığı indiki və gələcək nəsillərə çatdırılmalıdır. Ən əsası Azərbaycanın belə qüdrətli, zəngin dövlətə çevrilməsinə görə kimə borclu olduğumuzu bilməliyik.

Təbii ki, Azərbaycanın bu günü və xoşbəxt gələcəyi üçün ulu öndər Heydər Əliyevə borcluyuq. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından böyük faciələr yaşadı. Müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilası ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Xalqımız yalnız bu qayıdışdan sonra müstəqilliyimizin sevincini yaşadı, gələcəyə böyük inamla baxdı. 1993-cü ilin 15 iyun tarixi  Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini qorumasında, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən xilas etməsində idi.

Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizdə yaradılan sabitlik iqtisadi uğurlarda əhəmiyyətli rol oynadı. Ümummilli lider Heydər Əliyev dünya təcrübəsinə istinadən  bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan iqtisadi inkişafa təkbaşına nail ola bilməz. Onun gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dvidend gətirdi. Azərbaycanın bugününə və gələcəyinə inam artdı, yeni müqavilələrə yol açıldı. Azərbaycan  iştirakçısı və təşbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi ilə regiol inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə bu layihələrin coğrafiyası genişlənməyə başladı və Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artdı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı.

Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsində də öz sözünü deyir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin əsasında iqtisadi və siyasi islahatların vəhdətinin yaradılması dayanırdı. Son 18 ildən artıq dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlət kimi nüfuz qazanıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Azərbaycan son illərdə daha da qüdrətləndi, iqtisadi imkanları fonunda ordu quruculuğu sahəsində mühüm addımlar ataraq qələbəyə hazırlandı. Azərbaycan ordusu hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Silahlı Qüvvələrimiz 2016-cı ilin Aprel döyüşlərində öz gücünü, qüdrətini mənfur düşmənə göstərmişdir. Amma görünür işğalçı dövlət bu dərsdən nəticə çıxarmadı. 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana verilən dərs tarix boyu unuda bilməyəcəyi dərs oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz möhtəşəm tarix yazdı. Bu gün azad edilmiş torpaqlarda infrastruktur layihələri icra edilir, bərpa-quruculuq işlərinin miqyası genişlənir, Böyük Qayıdışın tezliklə reallaşacağına əminlik artır. Artıq Böyük Qayıdışın ilk addımı atılır. Zəngilanın Ağalı kəndi bu il sakinlərini qarşılayacaq. Bu qayıdış tezliklə bütün torpaqlarımızı əhatə edəcək. Qarabağlı və Şərqi  Zəngəzurlu Azərbaycan dayanıqlı inkişafı ilə dünyanın diqqətində olacaq.