YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqil Azərbaycanın memarı dahi Heydər Əliyev” adlı tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Yevlax Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı dahi Heydər Əliyev” adlı tədbir keçirilib.

YAP Yevlax rayon təşkilatında baş tutan tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax Gənclər və İdman İdarəsinin, Yevlax “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbərliyi, təhsil və mədəniyyət işçiləri, rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olub. Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın qurucusu, dahi Heydər Əliyev ideyaları bu gün partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan inkişaf və tərəqqi yolu ilə böyük uğurlara imza atır.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova bildirib ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi sabitlik yarandı, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir.

Sonra çıxış edən Yevlax şəhər Ağsaqqallar Şurasının sədr müavini, yazıçı Sərdar Məmmədov, YAP Yevlax rayon təşkilatının əməkdaşı Tural İsmayılov bildiriblər ki, ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu.  İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev dayanır

Daha sonra tədbir iştirakçıları mərkəzində Azərbaycanın maraqlarının və insan faktorunun dayandığı müdrik siyasət ətrafında fikir mübadiləsi aparıblar.