YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəxsiyyət zamanı qabaqlayanda...

Vahid Novruzov

YAP Veteranlar Şurasının üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini, iqtisad elmləri doktoru, professor

Hər bir xalqın tarixində onun taleyinin həll edildiyi və əsrlər boyu anılacaq günlər olur ki, məhz həmin günlər dövlətçilik məfkurəsində yeni bir dövrün başlanğıcı kimi qəbul olunur. Məhz 15 iyun günü Milli Qurtuluş günü kimi xalqımız tərəfindən bayram günü olaraq qeyd edilir.

Bəli, hamıya su kimi aydındır ki, 1993-cü ilin 15 iyun günü ölkəmizin müstəqilliyinin xilas olunduğu, parçalanma və bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmə təhlükəsinin sovuşduğu, xalqımızda qələbə inamının doğulduğu gün, Azərbaycan tarixinin qızıl səhifələrindən biri kimi daim əziz tutulacaq, bayram ediləcəkdir. Onun da sübuta heç bir ehtiyacı yoxdur ki, bu tarixi gün ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması ilə reallığa çevrilmişdir.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll edildi, ölkədə əmin-amanlıq, siyasi sabitlik bərqərar olundu.

1993-cü ilin  iyununda  xalqın təkidli  tələbi ilə  respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi  şəraitdə  iki  mühüm vəzifənin – Azərbaycan  dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət  müstəqilliyimizin qorunub saxlanması, dönməz və əbədi edilməsi, habelə  dünyəvi,  demokratik  dövlət  quruculuğunun  həyata keçirilməsi  vəzifələrinin həlli  istiqamətində  cahanşümul  işlərə  başladı. Müdrik rəhbərimizin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində tarixin qısa zaman kəsiyində dövlət müstəqilliyimizin  dönməz  xarakter alması təmin olundu, demokratik  hüquqi  dövlət  quruculuğunun  möhkəm təməli  qoyuldu, siyasi  sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu.

Heydər Əliyev ümumxalq dəstəyinə arxalanaraq, özünün yenilməz siyasi iradəsi, rəhbər qətiyyəti və zəngin  idarəetmə təcrübəsi sayəsində:

Azərbaycanda  vətəndaş  müharibəsi alovlarını söndürdü;

baş qaldırmaqda olan separatçılıq meyillərinin kökünü kəsdi və  dövləti keçmiş zamanlarda olduğu kimi, xanlıqlara parçalanmaq  təhlükəsindən  xilas  etdi;

nizami ordu  quruculuğuna  başladı, Ermənistanın Azərbaycana qarşı  hərbi ekspansiyasını dayandırdı və  1994-cü  ildə atəşkəsin əldə  edilməsinə nail oldu;

böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi bünövrəsini yaratmaq  üçün  Azərbaycanın yeni neft  strategiyasını  formalaşdırdı və 1994-cü  il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə xarici investisiyaların  ölkəmizə axını üçünmöhkəm zəmin yaratdı;

iqtisadiyyatın bazar münasibətləri prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsinə və MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlara başladı;

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi  dövlət qurmaq, ədalətli iqtisadi və sosial  qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları  ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə nail oldu;

bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli  inkişafı  üçün müvafiq qanunvericilik bazası yaratdı;

dövlət idarəetmə sistemində geniş islahatlar həyata keçirdi;

Azərbaycanın beynəlxalq birliyə intensiv inteqrasiyasını təmin etdi və son nəticə etibarilə Azərbaycan Respublikasını Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən daim yüksəlişdə olan bir diyara çevirdi.

Şəxsiyyət zamanı idarə etməyi, qabaqlamağı, irəli aparmağı bacardıqda mütərəqqi tarixi şəxsiyyətə çevrilir. Başqa sözlə mütərəqqi lider, şəxsiyyət həlledici məqamlarda tarix yaradır və ona öz damğasını vurur.

Heydər Əliyev böyük zəka və iradə ilə zamanı nəinki, idarə etmiş, qabaqlamış, irəli aparmışdır, sözün əsl mənasında Heydər Əliyevin simasında şəxsiyyətin miqyası mövcud cəmiyyətin səviyyəsindən yuxarıda dayanmış, onun inkişaf yollarına işıq salmışdır.

Dünyada qəbul edilmiş meyarlara görə mütərəqqi Şəxsiyyət və liderlər bir sıra yüksək keyfiyyət göstəricilərinə malik olmalıdırlar.

Lider dedikdə,

  • Gələcəyi görən;
  • İnsanların istək və arzularını vaxtında hiss edən;
  • Cəmiyyəti istiqamətləndirən (yol göstərən);
  • Düzgün qərarlar qəbul edən;
  • Həlli olmayan situasiyalarda məntiqi həllər tapan;
  • Öyrədən və ardıclılar hazırlayan şəxsiyyətlər nəzərdə tutulur. Sübut etməyə ehtiyac yoxdur ki, Ulu Öndər Heydər Əliyev liderlik anlamına daxil olan bu meyarlara nəinki cavab vermiş, hətta daha yüksəkdə qərarlaşmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasında rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Herdər Əliyev epoxası dövrüdür.

H.Əliyev şəxsiyyətinə xas olan bir sıra əlavə xüsusiyyətləri də vurğulamamaq olmaz ki, bunların da sırasında vətən və millət sevgisi xüsusi qeyd olunmalıdır.

Ulu öndər çıxışlarının birində deyirdi: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

Bu məqamda ölkəmizin birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın bu sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Böyük siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

İlk növbədə Heydər Əliyev irsinin kompleks və dərin təhlilinə ehtiyac olduğunu qeyd edərdim. Bu işdə Ulu öndərin hələ də yazıb yaratmaq iqtidarında olan müasirləri və silahdaşları ilə yanaşı gənclərimizin iştirakı önəmli olardı. Xaricdə yaşayan vətənpərvər ziyalılarımıza da bu sahədə davamlı əlaqələr yaradılmalı, onlar bu işə sövq edilməlidirlər.

Preziden İlham Əliyevin sözləri ilə desək:

“Heydər Əliyev ideyaları yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı və qurduğu Azərbaycan yaşayır və inkişaf edir. Biz hamımız Vətənimizi onun göstərdiyi yolla irəli aparmalıyıq”.

DİGƏR Xəbərlər Arxiv